Yekaterinburqda Bakıya qarşı “tmr” təxribatı – Şıxlinskidən mühüm açıqlama

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbir keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyi məslə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanmış və Səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərmişdi.

Görünən odur ki, Rusiya Azərbaycana qarşı “Talış-Muğan” təxribat-təzyiqini davam etdirir. Bu təxribata İran da vaxtaşırı əl atır.

Maraqlıdır, Rusiya indiki vaxtda belə bir addımı niyə atır? Bununla bağlı rəsmi Bakının əlində nə kimi resurslar var?

Mövzunu Globalinfo.az-a şərh edən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski deyib ki, hadisə haqqında məlumatları var və müvafiq qurumlara müraciət ediblər:

“Müvafiq qurumlardan bizə bildirilib ki, məsələ araşdırılır və lazımi tədbirlər görüləcək. Məsələ nəzarət altındadır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da müvafiq etirazını bildirib.

Ümumiyyətlə qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş “tədbir” Rusiyanın icazəsi əsasında baş tutmayıb. Həmin tədbirdə iştirak edənlərin sayın heç 20 nəfər belə deyildi. Rusiyada yaşayan talışların əksəriyyəti nə belə bir dövlətin varlığını, nə də fəaliyyətini qəbul edir.

Toplaşdıqları yer də bəsit bir kafedir. Videolardan da bunu aydın şəkildə görmək olur. Məsələnin tragikomik tərəfi isə “tədbirə” dəvət edilən Yekaterinburq şəhərinin keçmiş dumasının sədri qatıldığı tədbiri hansısa ictimai təşkilatın tədbiri zənn etməsidir. Yəni onun da məsələdən xəbəri olmayıb. Daha sonra həmin şəxs peşmançılığını bildirdi.

Ümumiyyətlə sentyabr ayında Yekaterinburq şəhər dumasına seçkilər olacaq. Bu şəxsin orada iştirakı da məhz bu səbəbdən olub”.

Turan Rzayev
Globalinfo.az