Yeddi kənd uğrunda müharibə başlayır? – Ermənistanda hər kəs bu gerçəyi yaxşı bilir…

“Ermənistan tərəfindən Qazaxın yeddi, Naxçıvanın Kərki kəndi ilə bağlı söylənən fikirlər qəbuledilməzdir. Bu fikirlər öncəki fikirlər ilə ziddiyyət təşkil edir”.

Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Heç kim kəndləri Azərbaycana qaytara bilməz” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, 10 noyabr bəyanatının imzalanan ilkin variantında Qazaxın yeddi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qeyd-şərtsiz qaytarılması nəzərdə tutulmuşdu:

“Sonrakı variantlarda bu maddə çıxarıldı. Keçən ilin may ayında isə Nikol Paşinyan mətbuata verdiyi açıqlamada bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və anklavlar daxil olmaqla tanıyır. Bu fikir bu günə qədər bir neçə dəfə təkrar olunub.

Hazırda Ermənistan tərəfindən bu məsələyə dair ziddiyyətli fikirlərin səslənməsi təbii ki, gərginliyi artıracaq. Prinsip etibarilə bu da başadüşüləndir. Belə ki, bu gün Fransa, Hindistan, Yunanıstan Ermənistanı revanşa hazırlayır.

Hesab edirəm, Ermənistan kəndləri qaytarmalıdır və gec-tez qaytaracaq. Çünki İrəvanda hər kəs bilir ki, Azərbaycan güc tətbiq etməklə də olsa bu məsələni reallaşdıracaq. Rəsmi Bakı bütün hallarda dialoqda maraqlıdır. Lakin bu, torpaqlarımızı güzəştə gedəcəyimiz mənasına da gəlmir.

Ümumiyyətlə Qazaxın yeddi və Naxçıvanın Kərki kəndi bizim üçün strateji və mühüm yerlərdir. Belə ki, bu kəndlər Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir. Bundan başqa, həmin kəndlər Ermənistanın da tez-tez istinad etdiyi SSRİ xəritələrində Azərbaycan ərazisi kimi göstərilir. Almatı Bəyannaməsi ilə də həmin kəndlər bizimdir. Bu baxımdan bu gün qeyd olunan kəndlər mütləq bizə qaytarılmalıdır”.

Turan Rzayev
Globalinfo.az