Bakının Yasamal rayonunda bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlandığı iddia edilir. Valideynin sözlərinə görə, uşağın davranışlarında qeyri-adi dəyişikliklər müşahidə edildikdən sonra həkimə müraciət olunub və analizlərin nəticəsində onun qanında psixotrop tərkibli maddə aşkarlanıb.
Maddənin uşağın orqanizminə hansı yollarla daxil olması mümkündür?
Globalinfo.az-a danışan həkim-psixiatr Abdulla Şıxlinski bildirib ki, psixoaktiv maddələr orqanizmə əsasən üç yolla daxil ola bilər:
“Ağızdan qəbul, inyeksiya və buxarların inhalyasiyası. Söhbət 3-4 yaşlı uşaqdan gedirsə, bütün versiyalar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. İlk növbədə uşağın getdiyi bağça, xüsusilə qidaların hazırlandığı mətbəx yoxlanılmalı, burada çalışan şəxslərin kimliyi, sağlamlıq vəziyyəti və psixiatrik problemlərinin olub-olmaması araşdırılmalıdır. Aşkarlanan maddənin məhz narkotik vasitə olub-olmadığı barədə hazırda məlumat yoxdur. Narkotik vasitə ilə psixoaktiv maddə eyni anlayış deyil. Psixoaktiv maddələr daha geniş qrupu əhatə edir və onların hamısı qanunla qadağan olunmayıb. Bəzi preparatlar həkim tərəfindən müalicə məqsədilə təyin edilir”.
Abdulla Şıxlinski
Həkim uşağa psixoaktiv preparatın müalicə məqsədilə təyin edilməsi ehtimalı olduğunu da bildirib:
“Uşaqlarda doğuşdan sonra müəyyən nevroloji problemlər yarana bilər və belə hallarda nevropatoloq tərəfindən preparatlar təyin edilə bilər. Əgər belə bir müalicə olubsa, dərmanın düzgün dozada verilib-verilmədiyi araşdırılmalıdır.
İkinci versiya uşağın həmin maddəni bağçada qəbul etməsi ilə bağlı ola bilər. Bu baxımdan bağçanın mətbəxində çalışan şəxslər və qidaların hazırlanması prosesi araşdırılmalıdır. Məsələn, əməkdaşlardan hər hansı birinə psixoaktiv preparat təyin olunubsa, həmin dərmanın təsadüfən iş yerinə gətirilməsi və hansısa formada qidaya düşməsi də araşdırılmalı olan versiyalardandır”.
A.Şıxlinski bağçanın digər əməkdaşlarının, eləcə də uşağın valideynlərinin və ev şəraitinin də araşdırılmasının vacibliyini vurğulayıb:
“Digər ehtimal uşağın ev şəraitində həmin maddə ilə təmasda olmasıdır. Məsələn, uşaq psixoaktiv preparat qəbul edən şəxslə eyni evdə yaşayırsa, dərman təsadüfən onun əlinə keçə və uşaq nə olduğunu bilmədən onu qəbul edə bilər”.
Emil Maqalov
Narkomaniya üzrə ekspert Emil Maqalov isə bağça yaşında olan uşağın narkotik maddə qəbul etməsi ilə bağlı yayılan məlumatın tibbi müayinənin nəticələri ilə təsdiqlənməsinin vacibliyini qeyd edib:
“Azərbaycanda dövriyyədə olan bəzi narkotik maddələr çox az dozada qəbul edildikdə belə, azyaşlının həyatı üçün ciddi təhlükə yarada bilər. Belə halların aşkarlanmasında əsasən sidik analizindən istifadə olunur. Qan analizi isə daha bahalı olduğundan praktikada geniş tətbiq edilmir. Bu baxımdan azyaşlının narkotik qəbul etdiyi barədə iddianın sidik analizi ilə yoxlanılması daha real və əlçatan üsuldur”.
E.Maqalov bildirib ki, azyaşlı ilə bağlı belə bir məlumatın təsdiqlənmədən yayılması ciddi fəsadlara səbəb ola bilər:
“Bu, uşağın və valideynlərinin psixoloji və sosial vəziyyətinə zərər vurmaqla yanaşı, onların yaxınlarının və hadisənin bağlı olduğu bağçanın nüfuzuna da xələl gətirə bilər. Bu səbəbdən məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılmalı, yayılan məlumatın həqiqətə uyğun olub-olmadığı dəqiq müəyyənləşdirilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az