ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla müzakirə olunan saziş çərçivəsində həm nüvə silahı hazırlamaqdan, həm də onu əldə etməkdən imtina etməyə razılaşdığını bildirib.
Bu, müharibənin olmayacağı deməkdir? İranla ABŞ-İsrail birliyi arasında qarşıdurma yekunlaşır? Yoxsa Tehran bu razılaşmaya hədəfdən yayınmaq və zaman qazanmaq üçün gedir?
Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Trampın açıqlaması Yaxın Şərqdə gərginliyin azalması istiqamətində mühüm siyasi siqnaldır:
“Düzdür, Tramp adətən bir-birindən fərqli fikirlər səsləndirməkdə tanınan siyasi liderdir, amma nəticədə ABŞ və ya İsrailin açıqlama və bəyanatlarının da real olduğunun zaman-zaman şahidi olmuşuq. Lakin bu bəyanat hələlik İran-ABŞ və ya İran-İsrail qarşıdurmasının tam başa çatdığını deməyə əsas vermir.
Hər kəsə bəllidir ki, Vaşinqton və Təl-Əviv uzun illərdir İranın nüvə proqramını regional və qlobal təhlükəsizlik üçün əsas risklərdən biri hesab edirlər. Xüsusilə İranın yüksək səviyyədə uran zənginləşdirməsi Qərbdə nüvə silahı əldə etmək cəhdi kimi qiymətləndirilib və müxtəlif sanksiyalar, diplomatik təzyiqlər, eləcə də hərbi variantların müzakirəsi məhz bu arqument üzərində qurulub. İranın bu sadaladıqlarıma sahib olması xüsusilə də İsrail üçün təhlükədir. Bu ölkə isə Yaxın Şərqdə ABŞ-ın ən yaxın tərəfdaşıdır.
Əgər Tehran həqiqətən də nüvə silahı istehsalı və əldə etməmək öhdəliyini qəbul edibsə, bu, hərbi qarşıdurma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Nə qədər inandırıcı olmasa da, 29 dekabr 2025-ci il etirazlarını da nəzərə alsaq, qarşıdurmanın davam etməsi İran üçün də təhlükədir. Çünki bu etirazlar basdırılmış mina kimidir, hər an partlaya bilər. Hələlik “xarici düşmən” faktorunu İran höküməti istifadə edə bilir. Bununla belə, ABŞ və İsrail üçün əsas məsələ yalnız siyasi bəyanatlar deyil, bu öhdəliklərin beynəlxalq nəzarət mexanizmləri vasitəsilə yoxlanılmasıdır. Keçmiş təcrübə də onu göstərir ki, tərəflər arasında etimad son dərəcə aşağıdır və hər hansı razılaşmanın icrası ciddi monitorinq tələb edir”.

Tamilla Qulami
Eskpert deyib ki, Tehran iqtisadi sanksiyaların yumşaldılmasına nail olmaq, beynəlxalq təzyiqi azaltmaq və ya gələcək üçün vaxt qazanmaq məqsədilə daha çevik mövqe nümayiş etdirə bilər:
“Bu səbəbdən ABŞ və İsrail İranın real addımlarını, nüvə obyektlərinə çıxış imkanlarını və zənginləşdirmə fəaliyyətinin səviyyəsini diqqətlə izləməyə davam edəcəklər.
Bütün hallarda Trampın açıqlamasını müsbət diplomatik inkişaf kimi təhlil etmiş olsaq belə, onu Yaxın Şərqdə bütün gərginliyin sona çatması kimi qəbul etmək çox tezdir.
Qarşıdakı dövrdə tərəflərin razılaşmanın şərtlərinə nə dərəcədə əməl etməsi, beynəlxalq nəzarət mexanizmlərinin işləməsi və İsrailin təhlükəsizlik narahatlıqlarının necə aradan qaldırılması əsas müəyyənedici amillər olacaq. Zənnimcə, indiki mərhələdə “yeni müharibə təhlükəsi tamamən aradan qalxıb” demək yox, “qarşıdurmanın diplomatik mərhələyə keçməsi ehtimalı artıb” qənaəti daha real görünür”.
Turan Rzayev
Globalinfo.az