Xankəndi sakinləri Rusiyadan gələn yardımı qəbul etməsələr… – Rəsmi açıqlama

“Artıq 12 gündür ki, bizim TIR-lar Ağdam-Xankəndi yolunda dayanıblar. Qızıl Aypara Cəmiyyətinin könüllüləri, rəhbərlik də orada bu əməliyyatın həyata keçməsini gözləyir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov deyib.

O, ilk təklifin Rusiyadan gədiyini bildirib:

“Rusiya Qızıl Xaç Cəmiyyəti Xankəndidə yaşayan erməniəsilli əhaliyə yardım etmək istədiyini bildirdi. Biz də bu təklifi dəstəklədik. Həmin TIR artıq humanitar yüklə sərhədlərimizi keçib.

Bilirsiniz ki, separatçı rejim Azərbaycanın humanitar yardımının Xankəndidəki erməni əhaliyə çatmasına mane olmağa çalışır. Ona görə də biz Rusiyada gələn təşəbbüsü müsbət qarşılayırıq. Ümid edirik ki, gələcəkdə yardımların ora çatdırılmasına nail olacağıq”.

Novruz Aslanov prosesin davam etdiyini vurğulayıb:

“Əgər həqiqətən də orada hər hansı bir problem varsa və onlar bunu həll etmək üçün bizdən yardım qəbul etmək istəmirlərsə, o zaman biz də ayrı vasitələrdən istifadə edəcəyik. Rusiya tərəfindən bu təşəbbüsü dəstəklədik, görək, qəbul edəcəklər, yoxsa yox. Qəbul edərlər lap yaxşı, etməzlərsə, bir daha özlərini ifşa etmiş olacaqlar”.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükünü Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün 09.09.2023 tarixində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində, Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.

Zaira Akifqızı
Globalinfo.az