“Mənim “TikTok”da canlı yayım açmağımın səbəbi insanları, xüsusən Azərbaycan xalqını kibertəhlükəsizlik baxımdan xəbərdar etməkdir. Çünki dələduzlar mənim adımdan saxta profillər açıb, insanları aldadırlar. Onlar azərbaycanlılara telefon nömrələri və bank hesabları verərək sözdə “qəbula yazırlar”. Ödəniş edildikdən sonra dələduzlar aldatdıqları adamları blok edirlər. Bu kimi kibercinayətlərin qarşısını almaq üçün “TikTok”da səhifə açıb, canlı yayımda insanları xəbər edirəm ki, aldanmasınlar. Çox sayda şəhid və qazi ailələrini aldadıblar, onların hamısının məndə əlaqə nömrələri var. Ümidvaram ki, Azərbaycanın güc strukturları bununla bağlı ölçü götürəcəklər”.
Bu sözləri Globalinfo.az-a tanınmış ekstrasens, klinik psixoloq Zirəddin Rzayev son günlər “TikTok”da canlı yayımda imtahanlarla bağlı proqnozlar verməsinin birmənalı qarşılanmaması haqda danışarkən deyib.
O, məqsədinin insanlara kömək etmək olduğunu bildirib:
“İnsanlar canlı yayımda mənə suallar ünvanlayırlar və humanist mövqedən yanaşaraq bəzən onların suallarını cavablandırıram. Hər dəfə də qeyd edirəm ki, insanlarla görüşmədən, şəkil və s. bu kimi mənə lazım olan şeyləri əldə etmədən “TikTok” vasitəsilə yalnız səslə insanlara məsləhət verməyin keyfiyyəti azdır.
Yəqin ki, erməni və ya rus olsaydım, bugünkü əsassız və qeyri-məntiqi tənqidlər ünvanıma deyilməzdi. Axı mən azərbaycanlıyam, mütləq mənada məni gözdən salmaq lazımdır.
Bir xanımın mənə ünvanlandığı sualı yanlış cavablandırmağıma gəldikdə isə, bunu onun özündən başqa heç kəs təsdiq edə bilməz. O xanım Bakıda müəllimə kimi fəaliyyət göstərmək istəyirdi, mən də ona bildirdim ki, bu il Bakıda müəllimə kimi çalışmayacaq. Əgər Bakıda müəllimə kimi çalışırsa buyurun, sorğu göndərin, araşdırın və mənə müraciət edən xanımın Bakıda hansı məktəbdə fəaliyyət göstərdiyini yazın.
Mənim nəinki insanların şəxsi həyatı və karyerası ilə bağlı fikirlərim, ictimai-siyasi düşüncələrim də beynəlxalq qanunvericiliyə əsasən vətəndaş mövqeyidir. Kimsə məni “şah” kimi qəbul edirsə, bu mənə qarşı cılız və qərəzli mövqe tutan şəxslərin qüsurudur”.
Zaira Akifqızı
Globalinfo.az