“Rusiyanın qadağaları fonunda Avropa İttifaqı (Aİ) İrəvana əlavə dəstək verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maragos deyib.
“Bu gün Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də daxil olmaqla, mühüm görüşlər keçiriləcək, telefon danışıqları aparılacaq. Bundan sonra Ermənistanı dəstəkləmək üçün konkret əlavə tədbirlər elan edəcəyik”, – deyə o bildirib.
Səfir qeyd edib ki, Ermənistan ixracatçıları və iş adamları ilə görüşün məqsədi Avropa İttifaqının ixrac bazarlarının şaxələndirilməsində onlara necə dəstək verə biləcəyi barədə fikirlərini eşitməkdir.
O xatırladıb ki, Avropa İttifaqı Ermənistanda özəl sektor üçün çoxsaylı dəstək proqramları həyata keçirib.
Qeyd edək ki, Rusiya son zamanlar vaxtaşırı olaraq Ermənistan mallarının idxalına məhdudiyyətlər tətbiq edir. Xüsusilə, Rusiya Ermənistan güllərinin, “Cermuk” mineral suyunun, bəzi spirtli içkilərin və balıq məhsullarının idxalını qadağan edib. Meyvə, tərəvəz və meyvələrin idxalına məhdudiyyətlər qoyulub.
Əliyar Xəlil
Globalinfo.az