“ABŞ və İran arasında aparılan danışıqlarda maliyyə kompensasiyası əsas mübahisə mövzularından birinə çevrilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Tehran ilkin anlaşma memorandumu razılaşdırılan kimi maliyyə vəsaitlərinin ayrılmasını tələb edir. ABŞ Prezidenti Donald Tramp administrasiyası belə bir addımın erkən mərhələdə atılmasının Vaşinqtonun İrana tətbiq etdiyi iqtisadi təzyiqlərin təsirini azalda biləcəyindən narahatdır”, – deyə bildirilib.
Məlumata əsasən, Tramp öz komandasına açıq şəkildə bildirib ki, İranla əldə olunacaq hər hansı razılaşma ABŞ-ın Tehrana birbaşa pul verməsi kimi təqdim edilməməlidir:
“O, daha əvvəl keçmiş ABŞ prezidenti Barak Obama administrasiyasının 2015-ci ildə İranla bağladığı sazişi tənqid edərkən də oxşar mövqe sərgiləmişdi.
Ağ Ev həmçinin israr edir ki, İran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyincə heç bir maliyyə vəsaiti almayacaq. ABŞ rəsmiləri bu mövqeyi “uran yoxdur, dollar da yoxdur” prinsipi ilə izah edirlər”.
Bundan əvvəl İranın ABŞ-yə ultimatum verdiyi, dondurulmuş aktivlərinin açılmayacağı təqdirdə münaqişənin nizamlanması üzrə danışıqları davam etdirmək niyyətində olmadığı barədə məlumat yayılmışdı.
Tehran iqtisadi güzəştlər və dondurulmuş vəsaitlərə çıxışı danışıqların əsas şərtlərindən biri hesab edir.
Əliyar Xəlil
Globalinfo.az