adil eliyev qazi

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin əlil arabasında olan vətəndaşla söhbəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun qaziyə gözündəki qızartı ilə bağlı verdiyi məsləhət birmənalı qarşılanmayıb və müxtəlif reaksiyalar doğurub. Hərçənd qazi sonradan məsələnin sosial mediada təqdim olunduğu kimi olmadığını bildirib.

Bəs nə üçün icra başçıları zaman-zaman bu cür mübahisəli hadisələrlə gündəmə gəlirlər? Onların çıxışları cəmiyyətdə niyə bu qədər həssas qarşılanır?

Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, cəmiyyətdə məmurvətəndaş münasibətləri kifayət qədər gərgindir:

“Bu münasibətlər o qədər həssas və bəzən xoşagəlməz məcrada formalaşıb ki, istənilən məmurun, hətta deputatın dediyi sözlərdə belə müxtəlif məna çalarları və gizli nüanslar axtarılır”.

iqbal agazade 132

İqbal Ağazadə

İqbal Ağazadə bildirib ki, əslində, bu vəziyyət müəyyən mənada illər ərzində elə məmurların öz fəaliyyəti nəticəsində formalaşıb:

“Təbii ki, bütün məmurları eyni şəkildə qiymətləndirmək düzgün olmaz. Lakin çox təəssüf ki, cəmiyyətdə məmurlara qarşı mənfi münasibət yaranıb. İnsanlarda belə bir təsəvvür formalaşıb ki, məmur vətəndaşa xidmət etmək üçün deyil. Məhz bu səbəbdən də belə reaksiyalar və yanaşmalar ortaya çıxır. Mən şəxsən bunun üçün başqa ciddi səbəb görmürəm”.

Adil Əliyev isə mövzu ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

İcra başçısının mövqeyini olduğu kimi təqdim edirik:

“Son günlər bəzi əxlaq və tərbiyə anlayışından uzaq, qərəzli şəxslər tərəfindən haqqımda yalanlar, böhtanlar və təhqirlər səsləndirilir. İnsan öz sözləri, davranışları və əməlləri ilə tanınır. Təhqiri, böhtanı və qarayaxmanı fəaliyyət üsuluna çevirənlər, əslində öz mahiyyətlərini və səviyyələrini ortaya qoyurlar.

Mən isə hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və qanunlara hörmətlə yanaşmış, ölkəmizin maraqlarını hər şeydən üstün tutmuşam. Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam.

Yalan və böhtan həqiqəti dəyişdirə bilməz. Mən kiməsə təhqirlə cavab verməyi özümə yaraşdırmıram və özümü həmin insanların səviyyəsinə endirmək niyyətində deyiləm. Mənim cavabım gördüyüm işlər, tutduğum prinsipial mövqe və dövlətimə olan sarsılmaz sədaqətimdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: