Venesuela səfiri: “Deyə bilmərəm ki, bu sanksiyalar bizə təsir etmədi, çünki bu yalan olar”

Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berrotera APA-ya müsahibə verib.

Globalinfo.az həmin müsahibəni təqdim edir:

– Cənab səfir, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf səviyyəsi barədə bilmək istərdim.

– Venesuela və Azərbaycan arasındakı hazırkı əlaqələr, hesab edirəm ki, çox pozitivdir. Çünki bu əlaqələr qardaşlıq və iki böyük xalqı birləşdirən əlaqələrdir. Bunun nümunəsi olaraq, bizim Prezident Nikolas Maduro Morosun iyun ayında Azərbaycana səfəri olub. Hansı ki bu, Nikolas Maduronun Azərbaycana artıq 3-cü rəsmi səfəri idi. Səfər çərçivəsində iki prezident arasında görüş də keçirildi. (Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxması idi-red.)

Həmin görüş zamanı dövlətlər arasında ikitərəfli əlaqələrin inkişafına dair söhbətlər aparıldı. Həmçinin ikitərəfli əlaqələrimizin inkişafı üçün sazişlərin imzalanması barəsində də danışıqlar aparıldı. Xüsusi olaraq, təhsil, nəqliyyat, mədəniyyət, turizm, elm və texnologiya, həmçinin kommunikasiya və tibb sahələrinə diqqət çəkmək istəyirəm. Əlbəttə ki, prezidentlərin digər mövzularda da müzakirələri olmuşdu, mənim qeyd etdiklərim sadəcə bunlardan bəziləridir.

– Azərbaycana təyinatınızdan bu günə qədər ölkələrarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində hansı işlər görülüb?

– Mən Azərbaycana 2019-cu ilin yanvar ayında gəlmişəm. Gəlişimdən bəri Azərbaycan hökuməti ilə çox geniş əlaqələrimiz var və bu da xarici işlər naziri vasitəsilə olub. Buna misal olaraq, ölkələrimiz arasında mədəniyyət sahəsindəki mübadilə və tədbirləri göstərə bilərəm. Biz həmçinin təhsil, iqtisadi, turizm sahəsində gələcək mübadilələr üzərində də işləyirik.

– Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi Venesueladan təhvil alıb. Azərbaycanın sözügedən təşkilata sədrliyini necə qiymətləndirirsiniz?

– Qoşulmama Hərəkatına sədrlik prezidentimiz Nikolas Maduronun 2019-cu ilin oktyabrında Azərbaycana ikinci rəsmi səfəri zamanı Azərbaycana təhvil verildi. Şübhəsiz, hər bir ölkə öz müvəqqəti sədrliyi müddətində Qoşulmama Hərəkatının möhkəmlənməsinə böyük töhfələr verməyə çalışır. Qoşulmama Hərəkatının yeni sferalarında Azərbaycanın təşəbbüslərini çox yüksək qiymətləndiririk. Çoxsaylı təşəbbüslərin arasında mən xüsusilə ikisini qeyd etmək istərdim. İlk növbədə, Qoşulmama Hərəkatı çərçivəsində Parlament Şəbəkəsinin yaradılması məsələsidir. Hansı ki bu, məhz Azərbaycanın təşəbbüsüdür. İkinci isə, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasıdır. Mən Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasında Venesuela gənclərinin də rolunu qeyd etmək istəyərdim. Həmin təşəbbüslər bu hərəkatı daha da möhkəmləndirir və onun dünyadakı nüfuzunu artırır. Və əlbəttə ki, Venesuela Qoşulmama Hərəkatındakı üçlüyün üzvü olaraq Azərbaycanın müvəqqəti sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirir.

– Ümumilikdə və yaxın gələcəkdə iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri gözlənilir?

– Ümumiyyətlə, Azərbaycanla Venesuela arasındakı əlaqələr çox dinamikdir. Biz tez-tez dünya səviyyəsində bir çox tədbirlərdə görüşürük. Və əlbəttə ki, bu görüşlər həm çoxtərəfli, həm də ikitərəfli sahələr üzrə olur. Məsələn, bu il ölkələrimizin xarici işlər nazirlərinin bir neçə görüşü baş tutub. Bu görüşlər çoxtərəfli tədbirlər zamanı baş verib və nazirlər bundan istifadə edərək ikitərəfli əlaqələri də müzakirə ediblər. Bu görüşlərdən sonuncusu BMT-nin Baş Assambleyası çərçivəsində baş tutub. Əlbəttə ki, bütün bu tədbirlər əsasında azərbaycanlı vəzifəli şəxslərin də Venesuelaya səfəri gözlənilir. Və hal-hazırda biz ikinci siyasi məsləhətləşmələrin reallaşmasının üzərində işləyirik. Həmçinin, biz Azərbaycan Xarici İşlər Nazirliyi ilə həmin siyasi məsləhətləşmələrin Venesuelada keçiriləcəyi tarixi müzakirə edirik. Bizim hökumətlərimiz daim fikir mübadiləsi üzərində danışıqlar aparır. İyun ayında Venesuela Milli Assambleyası sədrinin ikinci müavini Azərbaycana səfəri olub və onun Azərbaycan hökuməti ilə bir çox görüşləri keçirilib. Eyni zamanda, Venesuela Milli İnstitutunun sədri də Azərbaycana səfər edib. O həmçinin Azərbaycanda keçirilmiş Qoşulmama Hərəkatının Gənclər şəbəkəsində də iştirak edib. Hökumətlərimiz arasında ikitərəfli səfərlər, əlbəttə ki, inkişaf edir və dinamik xarakter daşıyır.

– Ölkələrimiz arasındakı əməkdaşlıqda hansı sahələr prioritet təşkil edir?

– Prezidentlərimiz danışdığı kimi, biz müxtəlif sferalarda əməkdaşlıq etməyə razılaşmışıq. Birincisi, bu təhsil sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq Venesuela və Azərbaycan ali məktəbləri arasında tələbə mübadiləsi aparılmasından, Venesuela və Azərbaycan tələbələri üçün təqaüd proqramlarının yaradılmasından ibarətdir. Biz hal-hazırda ali təhsil sahəsində anlaşma memorandumu üzərində çalışırıq. Həmin anlaşma memorandumunun imzalanması üçün artıq Azərbaycan tərəfinin razılığını almışıq və Venesuela tərəfinin razılığını gözləyirik.

İkinci sfera isə, prezidentlərin də xüsusi vurğuladığı və çox mühüm əhəmiyyətə malik olan turizm sahəsidir. Çünki turizm vasitəsilə biz sadəcə olaraq ölkələrimizi tanımırıq, xalqlarımızın ortaq cəhətlərini bilərək bir-birimizi daha yaxşı tanıyırıq. Və eyni zamanda, turizm sahəsində anlaşma memorandumunun hazırlanması üzərində çalışırıq.

Mühüm sahələrdən biri də həmçinin ticarət sahəsidir. Burada əsas ticarət əlaqələrimizin inkişafı və iş adamlarımız arasında əlaqələrin qurulmasıdır. Həmçinin görülən işlərin hamısı hər iki ölkə iqtisadiyyatının diversifikasiyasının əsası olmalıdır. Burada məqsəd ölkələrin neft gəlirlərindən asılılığını azaltmaqdır.

Növbəti mühüm sahələrdən biri isə enerji sferasıdır. Qeyd etmək istəyirəm ki, Venesuela və Azərbaycan enerji resurslarının istehsalçısıdır. Bu mənada sadəcə iqtisadi mübadilə yox, texnoloji mübadilə də müzakirə edilib. Hər iki ölkənin iş adamları arasında da əlaqələrin qurulması üçün danışıqlar aparılmaqdadır.

– Venesueladakı hazırkı vəziyyət nə yerdədir?

– Venesuela son illər böyük dövlətlər tərəfindən çox böyük hücuma məruz qalıb. Bu hücumları təşkil edənlərin əsas məqsədi ölkədə siyasi və daxili sabitliyi, həmçinin dinc həyatı pozmaq idi. Hazırda ölkəmizə qarşı 900-ə yaxın məcburi qadağalar tətbiq olunmaqdadır. Bu qadağalar həmçinin dünyada sanksiyalar kimi tanınır. Və bu sanksiyalar ölkəmizin iqtisadiyyatına mənfi təsir edir. Bu da, əlbəttə ki, xalqımıza təsir edir. Sanksiyalar icazə vermir ki, Venesuela məhsulları xarici ölkələri ixrac olunsun və satılsın. Bu sanksiyalar ölkəmizə xaricdən bir çox məhsulların gəlişini qadağa edir. Qadağaya məruz qalan həmin məhsullar vətəndaşlarımız üçün olduqca zəruri məhsullardır. Bu məhsulların sırasında sənayemiz üçün lazım olanlar da vardır. Bu sanksiyalar ölkəmizin xaricdəki aktivlərinə də təsir edir. İngiltərə banklarında Venesuelanın qızılı müsadirə olunub. Bu cür aktivlərin müsadirəsi bizim iqtisadiyyatımıza mənfi təsir göstərir. Buna baxmayaraq, Prezident Maduro tədbirlər planı təsdiq edib. Həmin bu plana əsasən, bizə dost, qardaş olan ölkələrin vasitəsilə ölkəmizdə iqtisadi və siyasi stabillik qorunub saxlamaqdadır. Deyə bilmərəm ki, bu sanksiyalar bizə təsir etmədi, çünki bu yalan olar, lakin hökumətimiz ölkəmizin ayaq üstə qala bilməsi üçün hər bir addımı atır.

– Venesuela hökuməti ölkədəki vəziyyətin daha da yaxşılaşdırılması üçün hansı addımları atır?

– İlk olaraq, ölkəmizə qarşı tətbiq olunan birtərəfli sanksiyalar barədə bütün dünyaya məlumat veririk. Ölkəmizin iqtisadiyyatının diversifikasiyası üzərində işləyirik, bunun yollarını axtarırıq. Bütün bu sanksiyalara baxmayaraq, artıq ölkəmizdə iqtisadiyyatın diversifikasiyasına nail olmuşuq. Bunun sayəsində Venesuelada iqtisadiyyatı inkişaf etdirən bir çox sayda gənc iş adamları meydana çıxdı. Hansı ki həmin amil də ölkəmizin irəli getməsinə imkan verib.

– Venesuelaya tətbiq olunmuş sanksiyaların yumşaldılması ilə əlaqədar ABŞ nümayəndə heyəti ölkənizə səfər etmişdi. Sanksiyaların yumşaldılması istiqamətində hansı addımlar atıldı?

– Vəziyyət olduğu kimi qalır. ABŞ ilə aramızda olan dialoq səmimi dialoq deyil. Danışıqlar zamanı şəxsi maraqlar güdülür. Prezident Nikolas Maduronun dediyi kimi, Venesuela heç bir sanksiya qarşısında əyilməyəcək. Biz sülh ölkəsiyik və bilirik ki, dialoq çərçivəsində hər zaman problemdən yaxa qurtara biləcəyik. Lakin bu dialoq mütləqdir ki, səmimi dialoq olmalıdır və Venesuelada siyasi rejimin dəyişməsini tələb edən qeyri-səmimi dialoq olmalı deyil. Heç bir ölkə üstün olmamalıdır, bərabərlik və ədalət olmalıdır. Aparılan dialoqların nəticəsində sanksiyaların aradan qaldırılmasını gözləyirik. Burada ABŞ tərəfindən Venesuela qarşısında hər hansı şərtlər qoyulmamalıdır və məcburiyyətlər olmamalıdır.

Sonda onu da əlavə etmək istəyirəm ki, hazırda Venesuelada matəm elan olunub. Yağışlar nəticəsində oktyabrın 10-da çox böyük fəlakət baş verib. Venesuelanın mərkəzi zonası ən çox zərərçəkən ərazidir. Həmin faciə 90-dan çox venesuelalı ailəyə təsir edib və 57 nəfərin həyatına son qoyub. Prezident bu hadisə ilə bağlı işlərin görülməsi üçün göstəriş verib. Aidiyyəti qurumlar və səlahiyyətli şəxslər hadisə yerindədir. Zərərçəkmiş şəxslərin əvvəlki normal həyatına qayıda bilməsi üçün bütün mümkün addımlar atılır.