Sülh imzalanan kimi bu ərazilər nəzarətimizə keçəcək – Politoloq

“Erməni mənbələri iddia edir ki, Vaşinqton sülh sazişinin imzalanması məqsədilə İrəvana təzyiqi artırıb. Həqiqətən, Vaşinqton məsələni uzatmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O, Ermənistanın sülh prosesinə mane olmaq istəyinin səbəbindən söz açıb:

“Ermənistan hakimiyyəti sözdə sülh istəsə də, əməldə Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Baş nazir Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişi ilə “risqə” getmək istəmir”.

E.Şahinoğlu Fransanın Ermənistan vasitəsilə prosesin iştirakçısına çevrilmə cəhdlərinin nəticə verməyəcəyini bildirib:

“Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə, Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur. İrəvanın Rusiyaya yalvarışları nəticə vermədiyinə görə indi də Fransaya yalvarırlar ki, Azərbaycanı Paris durdursun. İrəvan Parisə təklif edib ki, Fransa Qarabağ ermənilərinin təhlükəsizliyinə cavabdeh olsun və Laçın yoluna nümayəndələr göndərsin. Bu təkliflərin perspektivi yoxdur. Birincisi, Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək. Paris belə cəhdlər etsə, Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. İkincisi, Rusiya da münasibətlərinin gərgin olduğu Fransanı bölgədə möhkəmlənməsini elə Ermənistan üzərindən əngəlləməyə çalışacaq. Fransa təmsilçiləri bircə Laçın yoluna yaxınlaşıb sərhəd-keçid məntəqəmizə məsafədən baxış həyata keçirə bilərlər. Buna etirazımız yoxdur, əksinə özləri müşahidə etsinlər ki, sərhəd humanitar məqsədlə istifadəyə açıqdır”.

Ayşən Mustafa
Globalinfo.az