Ermənilərin əsas ideoloqundan Qarabağla bağlı tarixi etiraf

Ermənistan və Qarabağ üçün yeni üfüqlər hələlik dumanlı olaraq qalır.

Globalinfo.az xəbər verir ki, bunu Kilikiya Evinin patriarxı I Aram deyib.

Onun sözlərinə görə, Qarabağla bağlı məsələyə heç bir dövlət mənəvi dəstəkdən başqa yardım göstərməyib. Bununla belə o, Azərbaycanın ərazi bütövlüyünün tanınmasının Qarabağın sonu olmaqla yanaşı, Zəngəzur məsələsinin də gündəmə gətirilməsinə şərait yaradacağını iddia edib. Rusiyanı tənqid edən I Aram onun sadacə passiv müşahidəçi kimi son olanları seyr etdiyini bildirib.

Erməni patriarx həmçinin Ermənistan-Qarabağ-Diaspora üçlüyünün parçalandığını və bu fonda Türkiyə ilə əlaqələrin bərpasının qəbuledilməz olduğunu söyləyib:

“Ermənistan Türkiyə və Azərbaycan üçün qapılarını açmaqla özünün bütövlüyü, təhlükəsizliyi və müstəqilliyini təhdid altında qoya bilər. Qarabağ isə ümumiyyətlə yox olacaq. Ona görə də Azərbaycanla Qarabağın öz müqəddəratının təyinatına zidd sülh müqaviləsinin imzalanması qəbuledilməzdir. Türkiyə ilə tarixi haqlarımıza zidd diplomatik və iqtisadi əlaqələri bərpa etmək yolverilməzdir”.

Qeyd edək ki, I Aramın xüsusilə diaspor arasında ən nüfuzlu sima sayılır. Məhz onun patriarxlığı Livan və Suriyadakı daşnak dəstələrin saxlanması və koordinasiya məsələlərində mühüm rol oynayır. 2018-ci ildən sonra Paşinyanla I Aram arasında münasibətlər çox yaxşı olsa da, II Qarabağ müharibəsindən sonra erməni baş nazirin diaspor ilə əlaqələri pozması bu münasibətləri gərgin vəziyyətə gətirib.

İlkin Həsənov
Globalinfo.az