Vardanyanın Qarabağa gətirilməsində hədəf: Paşinyana ciddi rəqib ola bilər

“Qarabağda separatçı-terrorçu rejim daxilində siyasi böhran yaranıb. Rejimin yeni “parlament və prezident seçkiləri”nə getmək istədiyi, eləcə də Ruben Vardanyanın istefaya göndəriləcəyi xəbərləri yayıldı, bununla yanaşı, Araikin də istefaya getmək istədiyi, rejimin yenidən formalaşdırılması” haqda məlumatlar verildi. Daha sonra “siyasi böhranın” həll edildiyi, yeni “seçkilər” olmayacağı, Ruben və Araikin yerində qaldığı məlumatları gəldi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Asif Nərimanlı qeyd edib:

“Laçın yolundakı aksiya fonunda Xankəndində baş verənlər rejimdaxili qarşıdurmanın kəskinləşməsindən xəbər verir. Və əsas proseslərin Vardanyan ətrafında yaşandığı bəllidir. Vardanyanın önü Rusiya tərəfindən açılıb, 44 günlük müharibədən sonra erməni diasporu daxilində Paşinyanla problemləri yaranmış qanad da Rubeni dəstəkləyir. Bu vəziyyətdə hadisələrin mümkün inkişafı iki istiqamətdə ola bilər: birincisi, Vardanyan separatçı rejimdə nəzarəti ələ alır; ikincisi, Xankəndidən İrəvan siyasətinə müdaxilə edir. Qarabağda separatçı-terrorçu rejimin ləğvi reallaşarsa, Ermənistan siyasətinə transformasiya edərək, Paşinyana ciddi rəqib ola bilər”.

A.Nərimanlının sözlərinə görə, Rubenin Qarabağa gətirilməsinin əsas hədəflərindən birinin məhz bu olduğu ehtimalı böyükdür və Paşinyanı narahat edən də budur:

“Xankəndində yaranmış vəziyyətin də bundan qaynaqlandığını deyə bilərik. Nikol proseslərin mümkün inkişafının qarşısını almaq üçün Araikdən Rubenin uzaqlaşdırılmasını tələb edir. Lakin Ruben istefaya getməkdən imtina etdi.Onu göndərmək üçün isə “hökuməti” buraxmaq və yeni “seçkilər” keçirmək istəyirlər.

Son məlumatlara görə, Araiklə Ruben razılaşıb, nə istefa, nə də “seçkilər” olacaq, hərçənd, problem hələ də qalmaqdadır. Çünki Ermənistan hakimiyyətinin Vardanyana münasibəti Azərbaycanın təzyiqi qarşısında əzilən separatçılara əlavə çətinliklər yaradır”.

A.Nərimanlı bu vəziyyətdə Bakının hansı addımı atmalı olduğu barədə qeyd edib ki, qondarma rejim daxilində yaranmış qarşıdurmanın daha da kəskinləşməsi üçün təzyiq gücləndirilməli, həyat şərtləri çətinləşdirilməlidir:

“Bu, erməni əhalisinin narazılığının tədricən rejimə qarşı çevrilməsinə də zəmin yarada bilər. Bundan başqa, qondarma “rejim”in yenidən formalaşması məqsədilə yeni “seçkilər” gündəmə gələrsə, bunun baş tutmasının qarşısı alınmalıdır. Bu situasiya isə rejimin mövcudluğunun faktiki ləğvi deməkdir”.

Gülnar Səlimova
Globalinfo.az