Vardanyan Qarabağı xoşluqla tərk etməsə, sonu belə ola bilər

2023-cü ilin ən aktual mövzularından biri, şübhəsiz, Azərbaycanın Qarabağla bağlı siyasətində əsas aparıcı xəttin “hərb, yoxsa sülh” olacağıdır. Prezident İlham Əliyevin istər 31 dekabr çıxışı, istərsə də ötən il ərzində müxtəlif tədbirlərdəki bəyanatları deməyə əsas verir ki, rəsmi Bakı Qarabağı qanunsuz erməni silahlı birləşmələrindən təmizləmək üçün ciddi hazırlıq görür.

Azərbaycanın erməni əsilli milyarder Ruben Vardanyanın ərazidən çıxması istiqamətində də işlər gördüyü məlumdur. Mümkündür ki, xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə Vardanyanın Qarabağı tərk etməsini Bakının şərti kimi irəli sürüb.

Maraqlıdır, Rusiya Prezidenti Vladimir Putin bu şərti qəbul edəcəkmi? R.Vardanyan Qarabağdan çıxsa, nə dəyişəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, hazırda Azərbaycanın qarşısında iki hədəf var:

“Birincisi, Azərbaycan Ermənistanla problemli məsələləri həll etməlidir. Söhbət iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması, dövlət sərhədlərinin təyin edilməsi və qarşılıqlı tanınması və nəhayət, Zəngəzur dəhlizinin qeyd-şərtsiz açılmasından gedir.

İkincisi isə, Qarabağa dair problemlər həll edilməlidir. Düzdür, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə ilə rəsmi Bakı problemin böyük bir hissəsini həll edib. Lakin bununla belə həllini gözləyən bir sıra məsələlər qalmaqdadır. Misal üçün, erməni separatçılarının nəzarətində olan ərazilər tərksilah edilib təmizlənməli, Azərbaycan qanunları Xankəndi və ətraf ərazilərdə icra edilməlidir”.

Politoloqun sözlərinə görə, mövcud situasiya qarşısında ermənilərin iki seçimi var:

“Onlar ya Azərbaycan qanunlarına tabe olub ərazimizdə yaşamalı, ya da ölkəmizi tərk etməlidirlər. Prinsip etibarilə erməni əsilli milyarder Ruben Vardanyan da Xankəndidə keçirdiyi mitinqdə çıxış edərkən bənzər şeyləri demişdi.

Hesab edirəm, rəsmi Bakı 2023-cü ildə bu iki istiqamətdə siyasətini aktivləşdirəcək. Bütün hallarda separatçılara təzyiqləri artırmalıyıq. Prinsip etibarilə onların işğal dövründə ərsəyə gətirdiyi kommunikasiya xətləri faktiki olaraq bu gün bizim nəzarətimizdədir. Baxın, 20 gündən artıq bir müddətdir ki, azərbaycanlı fəallar Şuşa-Laçın yolunda humanitar aksiya keçirirlər. Qarabağa qanunsuz daşımaların qarşısı alınıb. Bu bizim 2022-ci il üçün ən böyük uğurumuzdur. Bu il bu uğuru daha da təkmilləşdirməliyik.

Hesab edirəm, internet, qaz, su şəbəkələri mərkəzləşdirilməli, erməni əsilli insanlar istifadəyə görə Azərbaycana pul ödəməlidir. O ki qaldı Ruben Vardanyanın ölkə ərazisini tərk etməsinə, o, bunu xoşluqla etməlidir. Əks təqdirdə, rəsmi Bakı bunun üçün də bir vasitə tətbiq edəcək”.

Turan Rzayev
Globalinfo.az