ssorrra pic4 zoom 1500x1500 15018 1200

Binəqədidə mənzildə meyiti tapılan 13 yaşlı qızın atasının dedikləri ictimaiyyətdə narahatlıq yaradıb. O, övladının gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxdığını deyib.

Sitat: “Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdir. Cin, şeytan, qəbiristanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən, telefonundadır”.

Bu cür hadisələr cəmiyyətə nə vəd edir? Uşaqlara telefon qadağan edilməlidirmi?

Globalinfo.az-a danışan psixoloq Nizami Orucov deyib ki, valideynlər uşağın internetdə keçirdiyi müddətə diqqət etməlidirlər:

“Xüsusilə 10-16 yaş arası yeniyetmələr telefon və sosial şəbəkələrdə nə qədər vaxt keçirir, kimlərlə ünsiyyətdədir, hansı oyunları oynayır – bunlar nəzarətdə olmalıdır. Bunun üçün valideyn nəzarəti tətbiqlərindən istifadə etmək də çox kömək edir. Amma ən vacibi, uşaqla açıq və etibarlı münasibət qurmaqdır. Uşaq valideynindən qorxmursa, cəzalandırılacağını düşünmürsə və rahat danışa bilirsə, belə risklər daha az olur. Bu cür təhlükəli oyunlara qoşulan yeniyetmələrdə müəyyən davranış dəyişiklikləri görünə bilər. Məsələn, özünə qapanmaq, otaqda uzun müddət tək qalmaq istəyi, gecələr yatmamaq, telefonu gizlətmək, səbəbsiz narahatlıq, aqressiya, əhval düşkünlüyü, bədəndə izlər, cızıqlar və ya özünə zərər şübhəsi, valideyndən uzaqlaşmaq, ünsiyyətdən qaçmaq, telefonun ekranını tez bağlamaq və ya başqasının görməsindən narahat olmaq bu sırada yer alır. Sözügedən əlamətlərin biri yox, bir neçəsi eyni anda görünürsə, valideyn mütləq vaxt itirmədən mütəxəssisə müraciət etməlidir”.

nizami

Nizami Orucov

Psixoloq qeyd edib ki, məktəblərin də bu prosesdə rolu böyükdür:

“Belə təhlükəli oyunlar haqqında həm valideynlər, həm də şagirdlər üçün mütəmadi maarifləndirmə işi aparılmalıdır. Məktəb psixoloqları “rəqəmsal təhlükəsizlik”, “internet davranışı” kimi mövzularda uşaqlarla müzakirələr təşkil edə bilər. Eyni zamanda, məktəbdə davranış dəyişikliyini vaxtında görmək üçün erkən xəbərdarlıq sistemi olmalıdır ki, hər hansı dəyişiklik olanda psixoloq dərhal müdaxilə etsin”.

Sosioloq Yusif Nəbiyevin fikrincə, bu cür hadisələr cəmiyyətdə isteriya yaratmaq üçün ideal reseptdir:

Uşaq“, “telefon”, “qorxulu kontent”, “cin-şeytan”, axırda da şok edici, sarsıdıcı nəticə. Düşünürəm ki, məsələ nə telefondadır, nə də “cin-şeytan” videosunda. Burada əsas problem valideyn nəzarətinin formallığa çevrilməsi və uşağın emosional dünyasının tamamilə görünməz qalmasıdır. Valideynlik institutunun get-gedə içi boş müqəvvaya çevrilməsidir. Sosiologiyada “əxlaqi panika” deyilən bir anlayış var. Stenli Kohen (Stanley Cohen) bunu illər əvvəl izah etmişdi: cəmiyyətlər hər bir şokedici hadisədən sonra mütləq günahkar axtarır. Bu günahkarın tapılmasını bir növ mənəvi, etik bir məcburiyyət, öhdəlik kimi görür”.

yusif

Yusif Nəbiyev

Sosioloqun dediklərinə görə, hazırda ən asan “günah keçisi” yerinə qoyulan subyekt texnologiyadır:

“Hamısı telefonlara görədir”, “Hamısı internetin zibilləridir” kimi cümlələr qurulur. Halbuki problem strukturaldır, sistemlər problemidir. Valideynlik bacarıqlarının zəifliyi, psixoloji dəstək sistemlərinin yoxluğu və məktəblərin bu riskləri vaxtında aşkarlaya bilməməsi, qloballaşan dünya önündə güclü lokal müdafiə sistemlərinin yoxluğu və sair. Telefonu qadağan etməklə biz heç nə həll etmirik. Qadağa ən yaxşı halda simptomu örtür, səbəbi yox. Qaydalar, nəzarət sistemi və sosial bağlar zəifləyib deyə uşaqlar təsadüfi məzmunların təsiri altına düşürlər. Burada səbəbi axtarmaq, uşağa qulaq verməyi bacarmaq lazımdır. Uşaq qorxulu rəsm çəkirsə, bu, onun daxili xaosunun vizual ifadəsidir. O, bununla öz daxilini sizə göstərir. Bu halda bizim etməli olduğumuz şey, həmin qorxulu şəkilin çəkilməsini qadağan etmək yox, onun arxasındakı xaosu görməkdir”.

Ekspert deyib ki, əsl effektiv müdaxilə üç səviyyədə olmalıdır:

“Birincisi, ailələrə real valideynlik bacarıqları öyrədilməlidir. “Telefonu uşağın əlindən alım” modeli artıq keçərli deyil. İkincisi, məktəblərdə psixoloji xidmət formal yox, funksional olmalıdır. Uşağın dəyişmiş davranışını ilk görən müəllimdir. Müəllim-məktəb psixoloqu-valideyn üçbucağı bu problemləri vaxtında hiss etməli və üstünə düşməlidir. Üçüncüsü isə, gənclərin emosional inkişafını dəstəkləyən təhlükəsiz onlayn mühitlər yaradılmalıdır. Çünki “Z” və “Alfa” nəsilləri istəsək də, istəməsək də rəqəmsal reallıqda böyüyürlər. Biz onları dünyadan təcrid edib ucqar bir kənddə böyüdə bilmərik. Uzun sözün qısası, qadağa bizi xilas etmir, sadəcə rahatladır. Uşaqları qorumağın yeganə yolu onları real həyatla yanaşı rəqəmsal həyatda da müşaiət etməkdir. Onlara orada da yol yoldaşı ola bilməkdir. Təkcə bir nəzarətçi kimi yox, həm də bir bələdçi kimi bunu etməliyik”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Zaira Akifqızı
Globalinfo.az

media

Paylaş: