ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının Kanada ilə münasibətləri yaxınlaşdırmaq planlarına sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, Tramp Kanadaya assosiativ üzv statusunun verilməsi ehtimalını “gülünc” adlandıraraq, Avropanı çox ciddi gömrük tarifləri tətbiq etmək və ya ticarəti məhdudlaşdırmaqla hədələyib.
ABŞ lideri bildirib ki, reaksiyası Avropa ölkələrinin niyyətlərindən asılı olacaq. Onun sözlərinə görə, təşəbbüs xoş niyyətlərlə irəli sürülsə, problem görmür. Lakin “pis niyyət” olduğu qənaətinə gəlsə, Avropaya qarşı yüksək gömrük rüsumları tətbiq edə və ya bəzi istiqamətlər üzrə ticarəti dayandıra bilər.
Tramp eyni zamanda Kanadanı “dəhşətli ticarət tərəfdaşı” adlandırıb.
Bundan əvvəl ABŞ prezidenti federal qurumların Kanada mallarını satın almasını məhdudlaşdıran memorandum imzalayıb. Tramp bu qərarı Kanadanın yerli istehsalçıları dəstəkləyən siyasəti ilə əsaslandırıb.
Avropa Komissiyası isə Kanadaya tərəfdaşlığın genişləndirilməsi təşəbbüsünün hər hansı üçüncü ölkəyə qarşı yönəlmədiyini açıqlayıb.
Əliyar Xəlil