Rusiya İrana Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə zərbələr endirmək üçün peyk məlumatları ötürmüş ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın ABŞ rəsmiləri və kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, Moskva öz peykləri vasitəsilə Tehrana kəşfiyyat xarakterli məlumatlar təqdim etmiş ola bilər.
İddialara əsasən, İranın martın 27-də Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına hücumundan iki gün əvvəl ərazi üzərində Rusiyaya məxsus 14 kəşfiyyat peyki uçub.
Mənbələr bildirirlər ki, peyklərin bir qismi yüksək keyfiyyətli görüntülər əldə etmək, rabitə siqnallarını izləmək və hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqeləri müəyyənləşdirmək imkanına malik olub.
Hücum nəticəsində 12 ABŞ hərbçisinin yaralandığı, həmçinin dəyəri yüz milyonlarla dollarla ölçülən “E-3 AWACS” uzaqmənzilli radar aşkarlama təyyarəsinin məhv edildiyi bildirilir.
ABŞ rəsmiləri kəşfiyyat məlumatlarının İrana ötürülməsinin yalnız bu hücumla məhdudlaşmaya biləcəyini və oxşar məlumatların regiondakı digər ABŞ obyektlərinə qarşı zərbələr zamanı da istifadə edilmiş ola biləcəyini ehtimal edirlər.
Tahir Turan
Globalinfo.az