Fransa Prezidenti Emmanuel Makron hökumətə ölkədə yanacaq tədarükünün sabitliyini qorumaq və qiymət artımının qarşısını almaq üçün bütün resursları səfərbər etmək tapşırığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə energetika məsələləri üzrə dövlət katibi Mod Brejon məlumat verib.
“Prezidentin məqsədi qarşıdakı günlər və həftələr ərzində, o cümlədən digər ölkələrin hesabına yanacaq tədarükünün sabitliyini və zəmanətli həcmlərin təmin edilməsidir”, – deyə Brejon bildirib.
Onun sözlərinə görə, Fransadakı yanacaqdoldurma məntəqələrinin təxminən 10 faizində ən azı bir növ yanacağın tədarükü ilə bağlı problem yaranıb. Bu yanacaqdoldurma məntəqələrinin böyük əksəriyyəti Fransanın “TotalEnergies” neft şirkətinə məxsusdur.
Brejon qeyd edib ki, Avropa səviyyəsində neft emalı zavodları ilə bağlı mümkün tədbirlər müzakirə olunur. Məqsəd qiymətləri mümkün qədər azaltmaq və ya ən azı onların artımını məhdudlaşdırmaqdır. Fransada yanacaq qıtlığı fonunda tətil çağırışları da səslənməyə başlayıb. Bu vəziyyət ölkədə “sarı jiletlilər”in keçirdiyi etirazları xatırladıb.
Brejon bildirib ki, hökumət yanacaq bazarındakı vəziyyəti maksimum diqqətlə izləyir.
Əliyar Xəlil