azal d 900x506 1

Azərbaycan Hava Yolları” QSC (AZAL) əlaqə mərkəzinin səmərəliliyini artırmaq və müştəri müraciətlərinin emalı zamanı gözləmə müddətini azaltmaq məqsədilə süni intellekt əsasında müasir texnologiyaları tətbiq etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu AZAL-ın kommersiya direktoru Cəmil Manizadə bildirib.

O qeyd edib ki, müştəri xidmətləri sisteminin yenilənməsinə əsas səbəb maksimum yüklənmə dövrlərində sorğulara daha tez cavab veməkdir. Aviaşirkətin yenilənmiş inkişaf strategiyasına uyğun olaraq, iyulun 1-dən beynəlxalq və daxili əlaqə mərkəzlərinin vahid idarəetmə strukturuna inteqrasiyası başa çatdırılıb, bu da resursların bölüşdürülməsini mərkəzləşdirməyə və xidmət standartlarını vahid formata gətirməyə imkan verib.

“Biz bir neçə prioritet istiqamətdə iş aparırıq: “Omnichannel” – bütün müraciətlərin vahid platformada idarə olunması, VR və özünəxidmət (self-service) funksiyaları – zənglərin düzgün yönləndirilməsi və gözləmə müddətinin azaldılması. Süni intellekt əsaslı həllər – müraciətlərin təsnifləşdirilməsi, yönləndirilməsi və gözləmə müddətin azaldılması. Texnologiyalar bizim transformasiyamızın əsas alətidir, onun da əsas vəzifəsi səyahətin hər bir mərhələsində sərnişinləri daha sürətli, keyfiyyətli və səmərəli xidmətlə təmin etməkdən ibarətdir”, – C. Manizadə vurğulayıb.

Kommersiya direktoru həmçinin bildirib ki, bu ilin 8 ayında AZAL-ın Əlaqə Mərkəzində sərnişinlərlə səyahətdən əvvəl, səyahət zamanı və səyahətdən sonra göstərilən dəstəyin gücləndirilməsi istiqamətində mühüm transformasiya prosesi həyata keçirilib. Xüsusilə, qeyd olunan dövr ərzində AZAL mütəxəssisləri ümumilikdə 460 119 müraciət emal edib, 201 466 telefon zəngi qəbul edib, rəqəmsal kanallar vasitəsilə 246 396 sorğu emal edib, cavablandırılmış zənglər üzrə 80.4 % xidmət səviyyəsi (SL) təmin edib, zənglər üzrə sərnişin məmnuniyyəti göstəricisində 86,6 % nəticəsi əldə edib.

Paylaş: