Ukraynalı politoloq: “Ermənistanın cinayətlərini görməzdən gəlmək ikili standartdır”

“Azərbaycanlılara qarşı müharibə cinayəti həm birinci, həm də ikinci Qarabağ müharibəsində törədilib”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminara onlayn formada qatılan ukraynalı politoloq, Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio deyib.

O bildirib ki, bura həm etnik təmizləmə, mülki şəxslərin hədəf alınması, mülki infrastrukturun dağıdılması, minalanma və sair daxildir.

Tara Kuzio deyib ki, oxşar əməllər bu gün Rusiya tərəfindən Ukraynaya qarşı törədilməkdədir.

Kuzio qərbdə jurnalistlərin, akademiklərin və s. Azərbaycana qarşı stiqma nümayiş etdirməsinin bu ölkələrdə güclü erməni lobisinin olması ilə əlaqələndirib.

O deyib ki, birinci Qarabağ münaqişəsində qalib olan Ermənistan tərəfi müharibə cinayətləri törətməyə davam edib, bura istər işğal olunmuş ərazilərin minalanmasının davam etdirilməsi, istərsə də minlərlə itkin düşmüş azərbaycanlının taleyi ilə bağlı heç bir informasiyanın Azərbaycan tərəfi ilə paylaşılmaması aiddir.

O vurğulayıb ki, münaqişə cinayətləri ilə bağlı ikili yanaşmaya son qoyulmalıdır, bu insan haqlarına ziddir. Xristian olan ukraynalılara qarşı Rusiyanın törətdiyi müharibə cinayətlərini qabartmaq, qınamaq, lakin qeyri-xristian azərbaycanlılara qarşı xristian Ermənistanın törətdiyi müharibə cinayətlərini görməzdən gəlmək ikili standartdır. Və ya Rusiyanın suriyalılara və 1990-cı illərin sonunda çeçenlərə qarşı törətdiklərini görməzdən gəlmək olmaz. Bu yanaşma dayandırılmalıdır.

Unutmaq olmaz ki, Ermənistan Rusiyanın peyk dövləti, hərbi tərəfdaşıdır: “Ermənistan diasporu demokratik deyil, onlar millətçidir. Onlar hər zaman həqiqəti gizlədir, özlərini müharibə qurbanı kimi təqdim edir, ancaq əslində 30 ilə yaxın Azərbaycanın böyük hissəsini işğal altında saxlayıb, müharibə cinayətləri törədən Ermənistandır . Necə ki, qlobal ictimaiyyətin Rusiyanın Ukraynanı işğalına qarşı simpatiyası, toleransı yoxdur, eləcə də Ermənistanın Azərbaycana qarşı törətdiklərinə simpati göstərilməməlidir”.