Ukrayna və Britaniya təhlükəsizlik sahəsində saziş imzaladılar

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Böyük Britaniyanın Baş naziri Rişi Sunakla ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı məlumat verib.

“Britaniya Baş naziri Rişi Sunakı Ukraynada salamlamağa şadam. Bu gün Avropa tarixində dönüş nöqtəsidir. Ukrayna və Böyük Britaniya arasında yeni, indiyə qədər görünməmiş təhlükəsizlik sazişi imzalanıb. Bu, sadəcə olaraq bəyannamə deyil. Bu, bizim əməkdaşlığımız, o cümlədən böyük qlobal güc olan Böyük Britaniyanın təhlükəsizlik öhdəlikləri nəticəsində həyata keçəcək reallıqdır.

Əgər Böyük Britaniya və digər ölkələr 1991-ci ildən sonra bu qədər zəmanət versəydilər, Rusiyanın heç bir təcavüzü baş verməzdi. Bizim ümumi məqsədimiz Rusiyanın hazırkı təcavüzü dayandırıldıqdan və Ukrayna gücləndikdən sonra Ukraynaya hücumun bir daha təkrarlanmamasını təmin etməkdir”, – Zelenski paylaşımında bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Böyük Britaniyanın bu sənəd üzrə öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq.

Saziş kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, həkimlərin və hərbi kadrların hazırlanması, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıqdan bəhs edir. Bundan əlavə, sazişə əsasən Böyük Britaniya Rusiya Federasiyası ilə növbəti münaqişə vəziyyətində Ukrayna ilə məsləhətləşmələr aparmaq və Kiyevə müdafiə məsələlərində tez və uzunmüddətli dəstək vermək öhdəliklərini öz üzərinə götürür.

Həmçinin bildirilir ki, Böyük Britaniyanın baş naziri 2024-cü il üçün Ukraynaya təxminən 3,2 milyard dollarlıq böyük hərbi yardım paketi barədə açıqlayıb.

Məlumata görə, paketə əlavə hava hücumundan müdafiə vasitələri, tank əleyhinə silahlar, uzaq mənzilli raketlər, minlərlə mərmi daxil olacaq. Bundan əlavə, minlərlə Ukrayna hərbçisi üçün təlim keçiriləcək.