Ukrayna üçün “boz ssenari” – Kiyevə fəlakət kimi sülh təklifi

Amerikalı jurnalistlər Ukrayna vətəndaşları arasında Rusiya ilə münaqişənin gedişi barədə keçirilən sorğuları təhlil ediblər. Məlum olub ki, bəzi ukraynalılar sülh naminə ərazi güzəştlərinə getməyə hazırdırlar. Paralel olaraq Qərbin də Ukraynadakı müharibədən yorulması haqda fikirlər səsləndirilir. Bəzi ekspertlər Ukraynanın arzuolunmaz sülhə məcbur ediləcəyini – Donbas və Krımdan əl çəkəcəyini bildirirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi yazar Kənan Rövşənoğlu bildirib ki, Ukraynada müharibə artıq dalana dirənib:

“Böyük ümidlər bəslənilən əks-hücum əməliyyatı nəticə vermədi, hazırda hər iki tərəf yerində dayanıb, cəbhə xəttində irəliləyiş yoxdur. Çünki ruslar ilk hücumdan sonra sürətli qələbənin mümkün olmayacağını anlayaraq “sürünən” müharibə taktikasına keçdilər. Yəni mümkün qədər Ukraynanı zəiflətmək və müdafiə qabiliyyətini sıradan çıxarmaq.

Hazırda cəbhədə dəyişiklik yoxdur, bu isə Ukrayna üçün zərərlidir. Çünki artıq bir sıra Qərb ölkələri, o cümlədən ABŞ yardımı azaldır, bir sıra ölkələr isə ümumiyyətlə dayandırdı. Qərb mediasının yazdığına görə, Zelenskidən Rusiya ilə danışıqlar masasına oturmaq tələb olunur. Doğrudur, hazırda bunu açıq demirlər, amma yardımın azalması, Yaxın Şərqdə müharibənin alovlanması və diqqətlərin İsrailə yönəlməsi çox şeydən xəbər verir. Ukrayna xarici yardımdan çox asılıdır, çünki ölkə ərazisinin böyük hissəsində müharibə gedir, vətəndaşların bir qismi qaçqın düşüb, ölkəni tərk edib. Xarici yardımlar olmasa, Ukrayna cəbhədəki hərbi qüvvəni saxlaya bilməz. Bu mənada Ukrayna hakimiyyəti üçün çətin seçimdir.

Kənan Rövşənoğlu

Ekspert qeyd edib ki, Moskva indiki vəziyyətdə masaya oturmağa hazırdır və bunu istəyir:

“İnsanlar yorulur, infrastruktur dağılır, iqtisadiyyat məhv olur. Sadə vətəndaşların sülh istəməsi təbiidir. Amma indiki məqamda masaya oturmaq Ukraynanın mənafeləri üçün ziyanlıdır. Bu mənada atəşkəs və sülh danışıqları qərarı vermək asan deyil “.

Safura Bənnayeva
Globalinfo.az