Putin belə həbs ediləcək: bu ölkələrə səfər etsə, dərhal qandallanacaq

 

Ukrayna Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi müraciət edib. Nəticədə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Bu qərardan sonra Putinin həbs olunması gözlənilirmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Beynəlxalq hüquq üzrə ekspert Turqay Hüseynov bildirib ki, Putinin həbsi gözləniləndir.

Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyan 123 dövlət var:

“Bundan sonra Rusiya prezidenti həmin dövlətlərin ərazisinə səfəri zamanı həbs oluna, onunla görüşən şəxslər barəsində də ciddi tədbirlər görülə bilər. Bu, Putinin 123 ölkəyə getməsi ilə bitmir. Həmin ölkədən də Rusiyaya səfər edən şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi mümkündür. Sudanın keçmiş prezidentinə qarşı da belə bir tədbir görülmüşdü. O da, öz dövlətindən kənara çıxmamağa məcbur qalmışdı”.

Hüquqşünasın sözlərinə görə, verilən qərarın bundan sonra ləğv edilməsi gözlənilmir:

Turqay Hüseynov

“Qərarın ləğvi həmin orderin geri çəkilməsi ilə mümkün ola bilər. Orderin isə geri çəkilməsi mümkün deyil. Çünki həmin şəxslər uşaqların hüquqlarının pozulması faktı ilə günahlandırılır. Bu isə bildiyimiz kimi, ciddi bir cinayətdir. Bu gün Rusiya Ukrayna ərazisindən çıxsa, müharibə bitsə belə, yenə də heç nə dəyişməyəcək. Ortada bir cinayət var. Avropa İnsan Hüquqları Məhkəməsində də qeyd olunub ki, insanın həbs edilməsi artıq son hədd deməkdir”.

T.Hüseynovun sözlərinə görə, bundan sonra Putinə qarşı hər hansı bir məhdudiyyətin önəmi yoxdur:

“Onun həbsi ilə bağlı artıq qərar qəbul olunub. Bu da o deməkdir ki, həmin şəxsin əmlakı və mülkünün müsadirəsi istisna edilmir. Qərar bəlkə də ləğv edilə bilər. Amma bunun üçün Putin sübutlar təqdim etməlidir ki, bu da mümkün deyil. Dediyim kimi, ortada uşaq hüquqlarının pozulma faktı və cinayət hadisəsi var”.

Zaira Akifqızı
Globalinfo.az