Qəzza üçün kritik toplantı: ABŞ əməliyyatlara başlaya bilər

Oktyabrın 7-i qarşıdurmanın başladığı gündən bu yana ilk dəfə olaraq Hizbullah lideri HƏMAS və İslami Cihad hərəkatlarının nümayəndələri ilə bir araya gəlib.

Qəzza zolağındakı vəziyyətin müzakirə edildiyi görüşdə bildirilib ki, İsrail quru əməliyyatlarına başlayacağı təqdirdə Hizbullah Livandan hücuma keçəcək.

İsrail Silahlı Qüvvələrinin quru əməliyyatlarına hazırlaşdığı və yaxında başlayacağına dair açıqlamaların verildiyi bir zamanda Hizbullah liderinin sözləri beynəlxalq arenada müzakirələrə səbəb olub.

Bəs Hizbullah İsrailə hücum etsə, bu, müharibənin gedişinə necə təsir edər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Rövşənoğlu sözügedən hücumun başvermə ehtimalını dəyərləndirib:

Kənan Rövşənoğlu

“Livan Hizbullahı ilə HƏMAS və İslami Cihad arasında əlaqələr uzun illərdir var. Bunlar müttəfiq təşkilatlar hesab oluna bilər. O mənada düşünürəm ki, İsrail Qəzzaya quru əməliyyatlarına başlasa, bu zaman Hizbullah da İsrailə qarşı əməliyyatlara başlayar. Əlbəttə, Hizbullahın müharibəyə qatılması onun miqyasının genişlənməsinə səbəb olar. Belə olan halda güman ki, ABŞ da İsraili müdafiə etmək üçün əməliyyatlarına qatılacaq.

Ancaq müharibənin böyüyəcəyini və digər ərəb dövlətlərinin münaqişəyə qoşulacağını gözləmirəm. Çünki ərəb hakimiyyətləri üçün Hizbullah, HƏMAS kimi təşkilatlar başağrısıdır. Ona görə də bu qruplaşmaları müdafiə etmək üçün ərəb ordularının gələcəyini düşünmürəm. Lakin mən ümumiyyətlə, İsrailin quru əməliyyatına başlaması ehtimalının az olduğunu düşünürəm. Məncə, hazırda bu ehtimal azdır. Əlbəttə, müharibə, yəni bombardmanlar davam edir, sabah nə olacağını dəqiq demək olmaz. Amma ümumi situasiyaya baxdıqda belə güman edirəm”.

Ayşən Mustafa
Globalinfo.az