Ukrayna ordusu hərəkətə keçir: Rus qoşunları bu ərazidən çıxarıla bilər

Ukrayna Silahlı Qüvvələri yeni hərbi əməliyyata hazırlaşır. Zaporojye vilayətinin Qərbində Rusiya müdafiə istehkamlarının arxasında Ukrayna zirehli texnikası fəaliyyət göstərdiyinə dair məlumatlar var. Ukrayna Silahlı Qüvvələri rusların bu ərazidəki müdafiə xəttini yarmağı hədəfləyir.

Maraqlıdır, bu müdafiə xətti yarılsa müharibənin gedişində hansı dönüş yaranacaq? Rusiya ordusu Ukrayna ordusunun hücumunun qarşısını ala biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərçi Kənan Novruzov deyib ki, Ukrayna Silahlı Qüvvələri uzun müddətdir ki, cəbhədə üstünlüyü ələ alıb:

Kənan Novruzov

“Rusiya rəsmilərinin, o cümlədən Prezident Vladimir Putin son vaxtlar danışıqların mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər də belə düşünməyə əsas verir. Görünür, hazırda zaman Kiyevin xeyrinə işləyir. Hərçənd gələcəkdə mənzərənin dəyişəcəyi də istisna deyil. Zaporojye ən strateji nöqtələrdən biridir. Ukraynanın bu istiqamətdə Rusiyanın müdafiə xəttini yarması ciddi uğur olar. Beləliklə, Rusiyanın döyüş meydanındakı mövqeləri bir az da zəifləyəcək.

Ukrayna düzgün taktika seçib. Rusiya ərazisinə zərbələr endirməklə işğalçıların diqqətini Ukraynadan yayındırır. Artıq rəsmi Moskva üçün prioritet öz təhlükəsizliyidir. Bu, Ukrayna qoşunlarının əks-hücum əməliyyatlarını daha uğurlu davam etdirmələrinə şərait yaradır.

Zaporojyedə müdafiə xəttinin yaradılması döyüş meydanındakı duruma təsir edəcək, Ukraynanın “əlini gücləndirəcək”. Hərçənd bu, heç də hər şey demək deyil. Rəsmi Kiyev tam qələbə üçün hələ uzun yol qət etməlidir”.

Turan Rzayev
Globalinfo.az