
Ukrayna uzun müddətdir ki, NATO və Aİ-yə üzv olmağa çalışır. Lakin bu hələ də mümkünsüz görünür. Rusiya ilə Ukrayna arasında münaqişə başlayan zaman rəsmi Kiyevin havadarları onun bu istəyini yerinə yetirəcəkləri vədini vermişdilər. Hazırda isə tamamilə fərqli situasiyanın yarandığının şahidi oluruq. Ukrayna sanki döyüş meydanında tək qalıb.
Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, Ukrayna Qərb dairələri və Avropa ölkələrinin onu meydanda tək qoyduğunu yaxşı anlayır:
“Ona verilən heç bir vəd yerinə yetirilmədi. Rəsmi Kiyevin NATO və Aİ-yə üzvlük məsələsi ilə bağlı verilən vədlərin boş olduğu real fakt kimi ortadadır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və ərazilərinin bir qismini işğal etməsi bu ölkənin NATO-ya üzv olmaq istəyindən irəli gəlirdi. Kreml buna heç vaxt icazə verməz. Bu gün Rusiya istəklərinə nail olur. ABŞ Prezidenti Donald Tramp da Putinlə telefon danışıqları qurur, təmaslar həyata keçirir. Görünür, iki ölkə arasında münaqişənin həlli istiqamətində addımlar atılmağa başlayıb. Ukrayna sözün əsl mənasında oyundan kənar vəziyyətə gətirilib. Avropa İttifaqının əksər ölkələri tərəfindən də sözügedən situasiya kəskin aqressiya ilə qarşılanır”.

Sahil Kərimli
Politoloqun sözlərinə görə, hazırda Rusiya müharibədə daha üstün tərəfdir:
“Müharibənin başlarında Ukraynaya çox sayda texniki yardım, külli miqdarda maliyyə dəstəyi verilirdi. Amma hazırda meydanda təkdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin də son çıxışlarında bu deyilənlərin şahidi oluruq. Güman ki, ABŞ-ın təkidi ilə Zelenski sülh masasına oturacaq. Tərəflər arasında danışıqlar gedəcək və hər zamankı kimi Ukrayna itirən tərəf olacaq”.
Safura Bənnayeva
Globalinfo.az