muhittin ataman giris

Türkiyədə 15 iyul FETÖ terror təşkilatının ordunu hərəkətə keçirərək hərbi çevrilişə cəhdindən 11 il ötür. Hadisədən sonra çox sayda təşkilat üzvü, məsələ ilə əlaqəli şəxslər həbs olundu. Xüsusilə orduda ciddi yoxlanışlar aparıldı.

15 iyun Türkiyənin daxili və xarici siyasətində nələri dəyişdi?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, 2016-cı il iyulun 15-də FETÖ terror təşkilatının Türkiyədə həyata keçirməyə cəhd etdiyi dövlət çevrilişi ölkənin yaxın tarixinin ən kritik hadisələrindən biri kimi yadda qaldı:

“Konstitusiya quruluşuna, legitim hakimiyyətə və dövlət institutlarına qarşı yönəlmiş bu cəhd Türkiyə dövlətinin qətiyyətli mövqeyi, təhlükəsizlik qüvvələrinin koordinasiyalı fəaliyyəti və xalqın demokratiyaya sadiqliyi sayəsində uğursuzluğa düçar oldu. Həmin hadisələr yalnız dövlət çevrilişinin qarşısının alınması ilə məhdudlaşmadı, eyni zamanda Türkiyənin milli təhlükəsizlik strategiyasının, dövlət idarəçiliyi modelinin və xarici siyasət prioritetlərinin yenidən müəyyənləşdirilməsi prosesinə təkan verdi.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin dayanıqlılığı yalnız hərbi güclə deyil, eyni zamanda institusional sabitlik, effektiv idarəetmə və milli birliyin möhkəmliyi ilə ölçülür. 15 iyul hadisələri də göstərdi ki, dövlət institutlarının etibarlılığı və cəmiyyətin legitim hakimiyyət ətrafında səfərbərliyi milli təhlükəsizliyin əsas dayaqlarından biridir.

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, çevriliş cəhdindən sonrakı dövrdə Türkiyədə həyata keçirilən islahatlar fövqəladə vəziyyətə verilmiş taktiki cavab deyil, uzunmüddətli strateji dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu istiqamətdə Silahlı Qüvvələrdə genişmiqyaslı struktur dəyişiklikləri həyata keçirildi, komandanlıq sistemi yenidən təşkil olundu, hərbi təhsil modeli müasir təhlükəsizlik tələblərinə uyğunlaşdırıldı, təhlükəsizlik və hüquq-mühafizə orqanlarında institusional nəzarət mexanizmləri gücləndirildi. Paralel idarəetmə şəbəkələrinin formalaşmasının qarşısının alınması məqsədilə dövlət aparatında kadr siyasəti yenidən nəzərdən keçirildi. Bu dəyişikliklər nəticəsində dövlət idarəçiliyinin koordinasiya imkanları genişləndirildi, təhlükəsizlik sisteminin çevikliyi və davamlılığı artırıldı. 15 iyul hadisələrinin siyasi nəticələri idarəetmə modelində də öz əksini tapdı”.

Politoloq bildirib ki, 2017-ci ildə konstitusiya referendumu ilə Türkiyə prezident idarəetmə sisteminə keçdi:

“Rəsmi Ankara bu dəyişiklikləri qərar qəbuletmə mexanizmlərinin operativliyinin artırılması, dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsi və milli təhlükəsizlik çağırışlarına daha çevik reaksiya verilməsi zərurəti ilə əsaslandırdı. Müxtəlif beynəlxalq qurumlar bu prosesə fərqli siyasi və hüquqi qiymətlər versələr də, Türkiyə rəhbərliyi üçün əsas prioritet dövlət institutlarının davamlı fəaliyyətinin təmin olunması və milli təhlükəsizliyin möhkəmləndirilməsi idi.

Ayten Qurbanova 1532 900x614 1
Aytən Qurbanova

15 iyuldan sonrakı dövrdə Türkiyənin xarici siyasətində təhlükəsizlik amili daha qabarıq xarakter aldı. Terrorizmlə mübarizə Ankara diplomatiyasının əsas istiqamətlərindən birinə çevrildi. FETÖ ilə mübarizə beynəlxalq əməkdaşlıq gündəliyinə çıxarıldı, təşkilata bağlı strukturların fəaliyyətinin məhdudlaşdırılması və üzvlərinin ekstradisiyası istiqamətində sistemli diplomatik fəaliyyət həyata keçirildi. Eləcə də, Türkiyə təhlükəsizlik məsələlərində milli maraqları əsas götürən daha müstəqil siyasi xətt formalaşdırdı. Son illərdə “strateji muxtariyyət” anlayışı Türkiyənin xarici və təhlükəsizlik siyasətinin əsas konseptual istiqamətlərindən birinə çevrilib. NATO müttəfiqi olmaqla yanaşı Ankara regional və qlobal məsələlərdə milli maraqlarına uyğun müstəqil qərarlar qəbul etməyə üstünlük verir. Bu yanaşma müdafiə sənayesində də özünü aydın şəkildə göstərir.

Yerli istehsal hesabına pilotsuz uçuş aparatları, raket sistemləri, hava hücumundan müdafiə vasitələri və digər yüksək texnologiyalı hərbi məhsulların hazırlanması Türkiyənin müdafiə potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, onu beynəlxalq silah bazarında rəqabət qabiliyyətli aktorlardan birinə çevirib”.

A.Qurbanova qeyd edib ki, Türkiyə regional diplomatiyada daha fəal və çoxşaxəli siyasət həyata keçirir:

“Qara dəniz hövzəsi, Cənubi Qafqaz, Orta Şərq, Türk dünyası və Afrika istiqamətlərində irəli sürülən təşəbbüslər, vasitəçilik missiyaları, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında artan rolu Türkiyənin geosiyasi çəkisini daha da artırıb. Xüsusilə son illərdə qlobal böhranların idarə olunmasında nümayiş etdirdiyi diplomatik fəallıq Ankara üçün yeni strateji imkanlar formalaşdırıb. Bugünkü geosiyasi reallıqlar fonunda 15 iyul hadisələrinin əhəmiyyəti daha aydın görünür. Hibrid müharibələrin, informasiya manipulyasiyalarının, kiberhücumların və qeyri-ənənəvi təhlükələrin artdığı bir dövrdə dövlət institutlarının dayanıqlılığı milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Türkiyənin son on ildə həyata keçirdiyi institusional islahatlar məhz bu yeni təhlükəsizlik mühitinə uyğunlaşma strategiyasının praktiki ifadəsi kimi çıxış edir.

Nəticə etibarilə, 15 iyul hadisələri Türkiyə tarixində yalnız uğursuz dövlət çevrilişi cəhdi kimi deyil, dövlət idarəçiliyinin, milli təhlükəsizlik sisteminin və xarici siyasət strategiyasının yenidən formalaşdığı tarixi mərhələ kimi qiymətləndirilməlidir. Son on ildə həyata keçirilən islahatlar göstərir ki, Türkiyə dəyişən beynəlxalq təhlükəsizlik mühitində milli maraqlarını əsas götürən, institusional dayanıqlığını gücləndirən və regional proseslərə təsir imkanlarını artıran dövlət kimi mövqeyini daha da möhkəmləndirib. Məhz bu reallıq 15 iyulun Türkiyənin müasir inkişaf tarixində ən mühüm siyasi nəticəsi kimi dəyərləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: