İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində silahlı qrupların tamamilə zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilən silahlı dəstənin sərhədi keçərək ölkə ərazilərinə daxil olmasından sonra həyata keçirilib.
SEPAH kəşfiyyat tədbirləri nəticəsində 5 nəfərlik qrupun müəyyən edildiyini bildirib.
Maraqlıdır ki, ABŞ-la müharibə zamanı Vaşinqtonun kürd qruplaşmalarına İrana daxil olmaları üçün silah göndərdiyi açıqlamışdı. Hətta Prezident Donald Tramp kürdlərin silahları götürdüyünü, lakin İrana daxil olmadığını vurğuladı.
Bu detal kürd silahlı qruplarının İran ərazisinə sızmağa başlaması kimi qiymətləndirilə bilərmi? İranı içdən zəiflətmək, onu həm də bu mobil silahlı qüvvələrlə mübarizəyə istiqamətləndirib gücünü zəiflətmək məqsədi daşıyır? İranda PKK və digər kürd qruplaşmalarının fəallaşması nə vəd edir?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, SEPAH-ın açıqlaması İranın şimal-qərb sərhədlərində təhlükəsizlik vəziyyətinin nə qədər həssas olduğunu göstərir:
“İran ərazisinə sızaraq diversiya həyata keçirməyə cəhd edən silahlı qrupun zərərsizləşdirilməsi bu baxımdan təkcə taktiki təhlükəsizlik insidenti deyil, həm də daha geniş regional dinamikanın tərkib hissəsidir. Xüsusilə Kürdüstan Demokrat Partiyası ilə əlaqə iddiası, məsələyə İranın uzun illərdir davam edən kürd siyasi-hərbi problemi kontekstində baxmağı zəruri edir. İranın qərb, eləcə də şimal-qərb sərhədləri uzun müddətdir müxtəlif kürd silahlı və siyasi qruplarının aktivlik göstərdiyi zonalardandır. Kürdüstan Demokrat Partiyası, PJAK və PKK kimi strukturların ideoloji əlaqələri barədə kifayət qədər məlumatlar var. Bu qrupların fəaliyyətinin mahiyyəti regiondan-regiona dəyişsə də, ümumi hədəf İran, Türkiyə və İraq sərhəd zonalarında təsir yaratmaqdan ibarətdir”.

Yusif Bağırzadə
Politoloq qeyd edib ki, İranın kürd bölgələri tarixi olaraq mərkəzi hakimiyyətlə müəyyən gərginliklər yaşayan ərazilərdir:
“Tehran bu yerlərdə separatçı meyllərin genişlənməsinə həssas yanaşır. Ona görə də hər bir sərhəd insidentinin həm daxili ictimai rəy, həm də regional güc balansı baxımından siyasi mesaj xarakteri daşıması mümkündür. İranın içdən zəiflədilməsi və onu çoxsaylı mobil silahlı qruplarla eyni anda məşğul olmağa məcbur etmək kimi ssenarilər də mümkündür. Lakin praktiki reallıqda belə strategiyanın uğuru bir sıra amillərdən asılıdır. Bunlar region dövlətlərinin koordinasiyası, kürd qruplarının daxili birliyi və xarici dəstək səviyyəsidir. 40 günlük müharibə və ondan sonrakı dövr göstərdi ki, bu faktorlar parçalanmış, qeyri-bərabər xarakter daşıyır. Ümumilikdə isə kürd silahlı qruplarının aktivliyinin regionda uzunmüddətli qeyri-sabitlik riskini artırma potensialı var. Bu aktivlik İranın həm daxili təhlükəsizlik, həm də regional siyasət prioritetlərini formalaşdırmasına müəyyən dərəcədə təsir edir”.
Ləman İmran
Globalinfo.az