Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun son açıqlamaları ölkədə böyük rezonans doğurub. Belə ki, konstitusiyanın toxunulmaz ilk dörd maddəsindən üçüncüsünün dəyişdirilməli olduğunu bildirib. “Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir” təklifinə maraqlı arqumentlər söylənir. Onun qəsdən dəyişdirilməsinə çalışıldığı iddia edilir.
Əsas mülahizə və arqument belədir: “Dövlətin milliyyəti ilə milliyyətin dövləti arasında çox fərq var. 1-ci mənada dövlətdə yaşayan fərqli milliyyətlər bir bütün kimi başa düşülür. 2-ci də isə fərqli milliyyətlərin dövləti mənası çıxır ki, gələcəkdə parçalanmaya yol aça bilər”.
Konstitusiyadakı “dövlətin milləti və ölkəsi ilə bölünməz bütövlüyü” ifadəsi nə üçün 100 il sonra yanlış hesab edildi?
Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç deyib ki, “dövlətin millət və ölkə ilə bölünməz birliyi” ifadəsi konstitusiyada var:
Hüsamettin İnaç
“Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Numan Kurtulmuş məlum açıqlamasında dövləti ön plana çıxartmaq niyyətində olduğu və cümhuriyyəti quran siyasi elitanın tamamilə elitist yanaşmasını göstərdiyini qeyd edib. Yəni dövlətçilik məntiqi ilə hərəkət etdiyini bildirir. Bu mövzu ətrafında müəyyən mübahisələr var. 20 ildən çoxdur davam edən AKP iqtidarı öz varlığı ilə əslində əsgər və mülki bürokratiyanın yerinə xalqı və milləti yerləşdirdiyini bildirir. Dolayı ilə mərkəzdə yer alanlar bu yerlərini itirirlər və ətrafda mövcud olan, əvvəllər istənməyən, ayrı-seçkiliyə məruz qalan etnik-dini qrupların mərkəzə yerləşdirildiyini iddia edirlər”.
Politoloqun sözlərinə görə, dövlət daha mücərrəd, yüksək, ümumi və daha əhatəli məna daşıyır:
“Millət” anlayışının istifadəsinə fərqli etnik mənsubiyyəti aid etmək düzgün deyil. Millət dediyimiz zaman 41 və 44-cü maddələrdə qeyd edildiyi kimi türk milləti nəzərdə tutulur. Atatürkün də dediyi kimi “ne mutlu türküm diyene” ifadəsində özünü tapan bir kollektivi ifadə edir. Yəni türk olmaq üçün mütləq türk etnik mənsubiyyətinə aid olmaq lazım deyil. Fərqli etnik köklərə malik şəxslər türk mədəniyyətinin bir parçası kimi özünü görürsə, konstitusiyamıza əsasən onlar türk hesab edilirlər. Atatürk millətçiliyi fransız mədəni millətçiliyinə əsaslanır”.
Safura Bənnayeva
Globalinfo.az