Türkiyədən səs-küylü şərh: “Seçkidəki məğlubiyyəti kimin üzərinə atmağın müzakirəsi gedir”

Türkiyə seçki həftəsinə daxil oldu. Seçkinin ikinci turunun da ən az birinci tur qədər maraqlı keçəcəyi gözlənilir. Bununla belə bir sıra suallar aktual olaraq qalır.

Maraqlıdır, Türkiyə seçicisinin hazırda səsvermə əhvalı necədir? Ərdoğan seçilərsə, hər şey həmən düzələcəkmi? Qərbdən ona basqılar artacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən türkiyəli politoloq Hüsamettin İnanc deyib ki, prezident seçkisinin ikinci turu öncəsi gəlinən son nəticə bundan ibarətdir ki, müxalifətin, xüsusilə də seçici qanadının motivasiyası olduqca aşağıdır:

“Yəni müxalifətin qələbəyə olan inamı çox azdır. Hətta yox səviyyəsindədir. Çünki seçim öncəsi Kamal Kılıçdaroğlunun 60 faiz səs toplayacağı deyilirdi. Anket sorğuları, vətəndaş cəmiyyətlərinin rəyləri də bu yöndə idi. Ancaq biz bunun gerçəkləşmədiyini gördük. Hesab edirəm, bu, müxalifət seçicisinin motivasiyasını aşağı salan, qələbəyə olan inamı azaldan başlıca faktordur.

Müxalif “Altılı masa”ya gəldikdə isə biz faktiki olaraq masanın dağıldığını deyə bilərik. Məsələ ondadır ki, parlament seçkiləri artıq bitib və “Altılı masa”nı təşkil edən partiyaların bir çoxu istədiyi nəticəni əldə edə bilib. Prezident seçkilərinə faktiki olaraq Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün vasitə olaraq baxan müxalif partiyalar bunu edə bilməyəcəyini anladığı üçün geri çəkilir.
Hazırda müxalifət daxilində prezident seçkilərinin məğlubiyyətini kimin üzərinə atmağın müzakirəsi gedir. Müxalifət liderləri indi bir növ “biz seçiciləri aldatdıq” deyə açıqlamalar da verir. Belə bir vəziyyətdə ikinci turda Ərdoğanın qələbə qazanacağını rahatlıqla demək olar”.

Hüsamettin İnanc

Politoloqun sözlərinə görə, Qərbin də Ərdoğana qarşı görüşü dəyişib:

“Qərb ölkələri artıq anlayır ki, prezident seçkilərinin qalibi Rəcəb Tayyib Ərdoğan olacaq. Buna görə də növbəti 5 il ərzində onunla necə əməkdaşlıq ediləcəyini müzakirə edirlər. Bir çox Qərb ölkəsi lideri belə açıqlamasında Ərdoğanı daha loyal insan olaraq qiymətləndirir. Digər tərəfdən, Qərbdə seçkinin ikinci tura qalmasını seçkinin demokratik keçirilməsi ilə əlaqələndirən şəxslər var. Yəni məntiqlə ikinci tura qalan bir şəxs diktator ola bilməz”.

Turan Rzayev
Globalinfo.az