cavansir feyziyev 09

Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətləri regionun siyasi və geosiyasi mənzərəsində mühüm rol oynayır.

Son dövrlərdə sosial şəbəkələrdə Türkiyədən başlayaraq Azərbaycan əleyhinə səsləndirilən ittihamlar və bunun ardınca yaranan müzakirələr iki ölkə arasındakı münasibətlərin ictimai müstəvidəki əks-sədasını gündəmə gətirir.

Maraqlıdır, sosial şəbəkələrdə başlanan bu prosesləri necə qiymətləndirmək olar? Onlar Azərbaycan–Türkiyə münasibətlərinə təsir göstərə, iki ölkə arasındakı strateji müttəfiqliyin möhkəmliyinə xələl gətirə bilər?

Globalinfo.az bildirir ki, mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlama verib.

Deputat qeyd edib ki, Türkiyə və Azərbaycan respublikaları arasında müttəfiqlik münasibətləri ilə Türkiyədə və Azərbaycanda yaşayan sosial şəbəkə istifadəçilərinin münasibətləri bir ölçüyə gələ bilməyən çox fərqli müstəvilərdə yerləşir:

“Ona görə burada dövlətlər arası münasibətlərə sosial münasibətlər sistemindən fərqli kontekstdə baxılmalıdır. Dövlətlərimiz arasında əsrlər ərzində formalaşmış və bu günkü müttəfiqlik xarakterini almış münasibətlər kifayət qədər möhkəm tellərlə bir- birinə bağlanıb.

Bu münasibətlər ayrı- ayrı şəxslərin və siyasi qrupların arzu və istəyi nəticəsində deyil, tarixi hadisələrin doğurduğu zərurət üzərində qurulmuş strateji münasibətlərdir. Sosial mühitdə isə milyonlarla insanın bu və ya digər problemə milyonlarla fərqli baxışı ola bilər.

Fərqli baxışlardan çıxış edən ayrı- ayrı şəxslər, qruplar, siyasi partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri eyni məsələyə hər iki ölkədə fərqli yanaşma sərgiləyə bilərlər. Bu fərqlilik hətta müəyyən qədər dövlət qurumlarında da reaksiya doğura və anlaşımazlığa səbəb ola bilər.

Amma bütün bunlar sonda iki bərabərhüquqlu qardaş dövlət arasında vahid milli maraqlar kontekstində çözülərək öz həllini tapacaq və dövlətlər arası müttəfiqlik münasibətləri bundan heç bir halda və heç bir şəkildə zədələnməyəcək.

Bəzən bir şəxs və ya şəxslər tərəfindən ehtiyatsız şəkildə işlədilmiş ifadələr və düşünülmədən səsləndirilmiş bəyanatlar geniş müzakirələrə səbəb olur. Bu da təbiidir”.

Millət vəkili vurğulayıb ki, cəmiyyət üçün həssaslıq tələb edən bir mövzuda insanların reaksiya verməsi deyilənlərin dəyərləndirilməsi baxımından hətta bəlkə də faydalıdır:

“Burada bizim qəbul etmədiyimiz hal qardaş ölkədə bir dövlət məmuru tərəfindən müzakirəyə səbəb olmuş məsələyə özünün şəxsi yanaşmasını dövlət siyasətinə gətirmək cəhdidir.

Münasibətlərimizin müttəfiqlik xarakteri dövlətlərimizin bir çox problemlərinə, o cümlədən təhlükəsizlik məsələlərinə vahid yanaşma sərgiləməyi tələb edir. Bunu sıradan bir sosial şəbəkə istifadəçisi bütün dərinliyi ilə anlamaya bilər. Amma dövlətdə yüksək vəzifə daşıyan məmur bu kimi məsələləri anlamağa borcludur.

Hakimiyyətin kifayət qədər yüksək səviyyəsində vəzifə daşıyan və məhz buna görə həm də dövlət adına siyasi məsuliyyət daşıyan bir şəxsin belə məsuliyyətsiz açıqlamaları Azərbaycan cəmiyyətində reaksiya doğurmaya bilməzdi.

Ona görə Azərbaycan mediasında bir neçə Türkiyə rəsmilərinə qarşı səsləndirilən iradları təbii qəbul etmək lazımdır.

Baş vermiş yanlışlıqlardan nəticə çıxararaq gələcəkdə daha məsuliyyətli davranmağa çalışılmalıdır. Amna bütün bunlar Azərbaycan – Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətlərinin ən aşağı qatında keçici bir həyəcan olaraq qalacaq və ortaq gələcəyimiz yolunda dövləti fəaliyyətlərimizə maneçilik yarada bilməyəcək”.

Paylaş: