Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün oktyabrın sonunda Azərbaycana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili bildirib.
Onun sözlərinə görə, iclas zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirmək niyyətindədirlər: “Biz çox şadıq ki, iclası təşkil etmək mümkün oldu. Biz Gürcüstanın Baş nazirini gözləyirik və strateji tərəfdaşlıq ruhunda irəliləməyimizə kömək edəcək ikitərəfli münasibətlərin bütün aktual məsələlərini müzakirə etməyə ümid edirik”.
G.Zakaraşvili, həmçinin Azərbaycan və Gürcüstanın xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi perspektivlərini şərh edib.
O xatırladıb ki, hər iki ölkənin xarici işlər nazirləri Hökumətlərarası Komissiyanın tərkibinə daxildirlər və qarşıdan gələn iclas çərçivəsində aktual məsələləri müzakirə edə biləcəklər: “Ümid edirəm ki, onlar həm nazirlər səviyyəsində, həm də Xarici Işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin daha konkret tarixlərini razılaşdıracaqlar”.