turkiye viza

Son zamanlar Türkiyədə radikal millətçi, ifrat şovinist və ksenofob meyillərin artması ilə bağlı müzakirələr diqqət çəkir. Türkiyədə fəaliyyət göstərən radikal və marjinal qrupların Azərbaycana gələrək ölkəmizdəki gənclər arasında zərərli ideoloji təbliğat aparmasının qarşısının alınması məsələsi də gündəmə gəlir.

Mövcud proseslər fonunda Azərbaycanla Türkiyə arasında viza rejiminin yenidən tətbiqi və ya müəyyən müddətə dayandırılması mümkündürmü?

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyədəki bəzi radikal dairələrin Azərbaycana qarşı mövqeyi ölkəmizdə təbii olaraq narahatlıq doğurur:

“Türkiyənin rəsmi qurumları Azərbaycana qarşı yönələn təbliğatın qarşısını almaq üçün daha ciddi addımlar atmalıdır. Belə təxribatçı fikirlər və təhqirlər açıq şəkildə səsləndirilir. Bununla belə, deyə bilərəm ki, əvvəlki dövrlərlə müqayisədə müəyyən addımlar atılıb. Son vaxtlar təxribatların, eləcə də səfirlik və konsulluqların qarşısında keçirilən aksiyaların səngidiyi müşahidə olunur. Təhlükəsizlik tədbirləri də gücləndirilib.

elxan sahinoglu 4

Elxan Şahinoğlu

Viza rejiminin yenidən tətbiqinə gəlincə, hazırkı mərhələdə belə bir addımın atılması düzgün olmaz. Çünki bu, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinə zərər vura bilər. Bununla belə, vəziyyətin inkişafından asılı olaraq, gələcəkdə bu məsələyə yenidən baxıla bilər”.

Xatırladaq ki, bu təklifi ilk dəfə hərbi ekspert Ədalət Verdiyev özünün sosial şəbəkə səhifəsində ictimailəşdirib. O, bu fikrini Türkiyədəki radikal qrupların Azərbaycana sızmasının qarşısının alınması üçün atılmalı olduğunun zəruriliyini bildirib. Ə.Verdiyevin bu fikirləri hazırda mediada və sosial şəbəkələrin Türkiyə Azərbaycan seqmentində ciddi müzakirə olunur.

Turan Rzayev
Globalinfo.az

Paylaş: