ankara tel eviv

Türkiyə İsrailin Suriyadakı hərbi əməliyyatları və Dəməşqə hücumunu sərt şəkildə tənqid edib. Prezident Rəcəb Tayyib Ərdoğan hətta İsraili “terrorçu dövlət” adlandırıb və onun Yaxın Şərqdəki addımlarını, xüsusilə Suriyaya qarşı hərəkətlərini qınayıb. Ərdoğan həmçinin Türkiyənin bu ölkənin parçalanmasına imkan verməyəcəyini söyləyib.

Türkiyə Böyük Millət Məclisi də Suriya xalqını dəstəkləyən qətnamə qəbul edib. Bütün bunlar Ankara və Təl-Əviv arasında gərginliyin yenidən artdığını göstərir. Analitiklərin fikrincə, mövcud vəziyyət Türkiyənin xarici siyasətində ciddi dəyişikliklərə və əlaqələrdə yeni balansların yaranmasına səbəb ola bilər.

Ankara və Təl-Əviv arasında gərginlik hara qədər davam edəcək? Hazırkı vəziyyət nə kimi nəticələr doğura bilər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Suriyadakı Əhməd Əl Şaraa hökuməti Türkiyə tərəfindən dəstəklənir:

Türkiyə Bəşər Əsədin devrilməsinə dəstək göstərən ölkələrin siyahısında birinci idi və Suriyanın yenidən formalaşdırılmasında da mühüm rol oynayır. Bu, təbiidir, çünki iki ölkə həmsərhəddir, Suriyadakı bəzi qruplar Türkiyənin ərazi bütövlüyü üçün ciddi təhlükə yaradır.

Suriyada təhlükəsizliyinin qorunması, əmin-amanlığın təmin edilməsi və vahid unitar dövlətin mövcud olması rəsmi Ankaranın mənafelərinə uyğun gəlir. Buna görə Ankara qonşu ölkənin yenidən dizaynında iştirak etməyə çalışır. Heç təsadüfi deyil ki, vətəndaş müharibəsi dövründə ən çox qaçqın qəbul edən ölkə də məhz Türkiyə olub, bu məsuliyyəti öz üzərinə götürüb. Suriyada vəziyyət stabilləşməz və gərginlik artamağa davam edərsə, ən böyük ziyan yenə də Türkiyəyə dəymiş olacaq. Bu səbəbdən yaşanan hadisələrə biganə qalınması mümkün deyil”.

zeynal serh

Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, digər bir məsələ də İsrailin Fələstindəki əməliyyatlarıdır:

“Faktiki olaraq, Qəzza bölgəsində qırğın siyasəti həyata keçirilir, mülki insanların üzərinə bombalar yağır. Bu vəziyyət Ankarada ciddi narazılığa səbəb olur. Bir müsəlman ölkəsi, həmçinin bölgədə uzun müddət hökm sürmüş və Osmanlı İmperiyasının varisi olan Türkiyə bu addımları təbii olaraq qıcıqla qarşılayır. Ona görə mövqeyi tamamilə başa düşüləndir. İsrailin Yaxın Şərqdə yeritdiyi siyasət həm Suriyada, həm də Fələstində ciddi problemlər yaradır. Ümumiyyətlə, regionda mövcud gərginliyin ana səbəbkarı məhz Təl-Əvivdir. Yaxın Şərqdə, xüsusilə də Suriyada vəziyyətin gərginləşməsi birbaşa Türkiyənin milli maraqlarına ciddi təhdidlər törədir. Bu, Ankaranın bölgədəki təhlükəsizlik və siyasi maraqlarını müdafiə etmək üçün daha fəal, sərt bir mövqe tutmasına səbəb olur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: