Türkiyə prezidentliyinə yeni namizədlər açıqlandı: Ərdoğanın şansları azalır?

“Türkiyədə əsas gündəm prezident və parlament seçkiləri ilə bağlıdır. Bu gün Türkiyədə müxalifət qüvvələri seçkidə qalib olmaq üçün əllərindən gələni etməyə çalışır. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də, şübhəsiz, müxalifətin vahid namizəd üçün ittifaq yaratması oldu”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Türkiyədə baş tutacaq prezident seçkiləri öncəsi yeni namizədlərin mübarizəyə qoşulması və bunun seçkilərin nəticələrinə təsiri haqda danışarkən deyib.

Onun sözlərinə görə, bir il öncə Türkiyənin əsas müxalifət partiyaları – CHP, İYİ Partiya, Seadet Partiyası, DEVA Partiyası və Gələcək Partiyası “Altılı masa” adlanan vahid ittifaqı yaratdı:

“Lakin partiyaların tamamilə bir-birinə əks mövqeli nizamnamələrə sahib olmaları ittifaqın nüfuzunu aşağı saldı. Ardınca parlamentdə ana müxalifət partiyası olan CHP-dən Kılıçdaroğlunun namizəd olaraq müəyyən edilməsi Ərdoğanın yenidən prezident seçilmə ehtimalını yüksəltdi. Hərçənd ki, son illər Türkiyədə iqtisadi inflyasiyanın kəskinləşməsi, türk lirəsinin dəyər itirməsi, ölkəyə qaçqın axını, üstəlik son olaraq baş vermiş zəlzələ fəlakəti AK Partiyanın qalibiyyət imkanlarını daraltsa da, düşünürəm ki, türk xalqı hazırkı durumda ölkəsinin düşdüyü ağır vəziyyətdən çıxış yolunun da hazırkı hakimiyyətin əlində olduğunu anlayır.

Züriyə Qarayeva

Türkiyə tarixinin 60-70-80-ci illər dövrü fərqli partiyaların koalisiya formasında xaotik hakimiyyəti ilə yadda qalıb. Əminəm ki, xalq həmin dövrü təkrar yaşamaq istəməyəcək. Ərdoğanın iqtidardan getməsi Qərb dairələrinin də işinə yarayır. İstər Aralıq dənizində, istər Yaxın Şərqdə, istərsə də Mərkəzi Asiyada Türkiyənin dayaqları məhz Ərdoğanın uğurlu xarici siyasəti nəticəsində möhkəmləndi. Onun iqtidardan getməsi həmin dayaqların zəiflədilməsi ilə nəticələnəcək”.

Politoloq hesab edir ki, Ərdoğan prezident seçilməyəcəyi təqdirdə Türkiyə-Azərbaycan əlaqələri kəskin şəkildə zəifləməyəcək:

“Amma indiki səviyyədə qalmasını da düşünmək mümkünsüzdür. Çünki iki ölkə arasındakı ittifaqın dərinləşməsi bu gün etnik-milli köklər, ortaq tarixdən daha çox hər iki ölkə liderinin şəxsi təşəbbüsləri ilə baş vermişdir. Lider dəyişikliyi bu istiqamətdə fərqli tendensiyalara səbəb ola bilər. Qarabağa gəlincə, ortada Şuşa Bəyannaməsi var və sənədin şərtləri prezidentlərin dəyişməsindən asılı olmayaraq qüvvədə qalacaqdır”.

Turan Rzayev
Globalinfo.az