İrandan atıldığı bildirilən və Türkiyə səmasında zərərsizləşdirilən üç raket hücumunda əsas hədəfin Kipr adası olduğu iddia edilir. Məlumata görə, raketlərin məqsədi adadakı ABŞ və Böyük Britaniya hərbi bazalarını vurmaq olub, lakin NATO buna imkan verməyərək onları havada məhv edib.
Bəzi iddialara əsasən, ABŞ bu raketlərin Türkiyəyə atıldığını irəli sürərək Ankaranı münaqişəyə cəlb etməyə çalışır.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin Aralıq dənizi bölgəsində NATO-nun İncirlik hərbi bazası yerləşir.
“İranın həmin bazanı raketlə hədəfə alması istisna deyil. Eyni zamanda, Kipr adasına raket atılması ehtimalı da var. Əlbəttə, ABŞ Türkiyənin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsində maraqlıdır. Düşünürəm ki, SEPAH Türkiyə ərazisində yerləşən NATO bazasını hədəf almaq qərarı verə bilər.

Məhəmməd Əsədullazadə
Ankara isə çalışır ki, müharibədə neytral mövqeyini qorusun. Lakin SEPAH rəhbərliyinin Türkiyə ilə də gərginlik yaratmaq niyyətində olması ehtimalı istisna edilmir. Ümumiyyətlə, İrandan atılan raketlər konkret hədəfə yönəldilir. Bu baxımdan, raketlərin Kipr adasına deyil, birbaşa İncirlik bazasına yönəlmiş olması ehtimalı da nəzərdən keçirilə bilər. Bununla belə, Türkiyənin ABŞ-ın istəyi ilə müharibəyə qoşulması real görünmür.
Baş verənlər göstərir ki, regionda eskalasiya genişlənir. İrana qarşı quru əməliyyatı ehtimalı da gündəmdədir. Belə bir vəziyyətdə Türkiyənin prosesləri sadəcə kənardan izləməsi mümkün görünməyə bilər”.
Turan Rzayev
Globalinfo.az