Fidanın zəngi: Nikolun Ankara səfərinin pərdəarxası

“Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi E.Blinkenlə Azərbaycan və Ermənistan arasında sülh perspektivini müzakirə edib. Türkiyədəki seçkilərdən sonra formalaşan yeni hökumətin dərhal ABŞ-la Azərbaycan və Ermənistan məsələsini müzakirə etməsi Ankaranın prosesdə yer almasında maraqlı olduğunu göstərir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazədə deyib.

Onun sözlərinə görə, Türkiyə yeni xarici siyasət konsepsiyasında Azərbaycanla Ermənistan arasında real sülhün əldə edilməsində vasitəçi olacaq:

“Paşinyanın Ankarada inaqurasiyada iştirak etməsi buna İrəvanın da razılıq verməsi fikrini yaradır. Ankaranın Vaşinqtonun vasitəçiliyi ilə prosesdə olması Rusiyanın real danışıqlar prosesini pozmasının qarşısını alacaq yeganə amildir. Çünki Rusiya Qərbin bütün vasitəçilik missiyasının qarşısını alır.

Türkiyənin Qərblə birgə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında fəal vasitəçi olaraq Cənubi Qafqazda sülhün əldə edilməsində əsas aktor olması mümkündür. Türkiyə və Ermənistan sərhədlərinin açılması da danışıqlar prosesində yer alıb. Qeyd edim ki, Fransanın hazırkı destruktiv siyasətinin qarşısını yalnız Ankara ala bilər. Ümumiyyətlə, regionda geosiyasi çağırışlar sülhün əldə olunmasını labüd edir”.

Turan Rzayev
Globalinfo.az