Türkiyə ABŞ-ın başsağlığını buna görə qəbul etməyib: Taksim terrorunun görünməyən üzü – ŞƏRH

İstanbulda baş verən terror hadisəsi PKK/PYD terror təşkilatı tərəfindən törədildiyi elan edildikdən sonra, müzakirələr fərqli yön almağa başladı. 

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuata açıqlamasında terroru törədən təşkilatların adlarını açıqlayıb. O, bildirib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək, sübutları aradan qaldırmağa çalışıblar”.

Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

Qeyd edək ki, erməni teleqram kanalları ötən gün Taksimdə baş verən terror aktını erməni terror təşkilatı ASALA-nın öz üzərinə götürməsi ilə bağlı məlumat yayıb. ASALA adından Azərbaycan da hədələnib.

Globalinfo.az-a mövzunu şərh edən politoloq Vaqif Hüseyn deyib ki, bəzən PKK və PYD eyniləşdirilsə də aralarında fərqlər var:

“PKK-nın döyüş briqadaları Türkiyə ərazisinə əvvəlki kimi sıza bilmirlər.  “Bayrakdar”lar və PUA-lar dağlarda və hətta şəhərlərdə belə onları topa halda görəndə vururlar. Yəni, Türkiyə bölgəyə hakimdir. Əminəm ki, Türkiyə Silahlı Qüvvələri və xüsusi xidmət orqanları hansı ailənin hansı üzvü dağdadır və hansı PKK partizanıdır, bunu çox gözəl bilir. Ona görə, böyük ehtimal, son terror aksiyasında Suriya terrorçusundan istifadə ediblər.

Türkiyədə yerli insan bilir ki, İstiqlal caddəsində partlayış baş versə, onun qohumları da ərazidə orda ola bilər. Türkiyədə milyonlarla kürd əhali var və öldürülənlər arasında kürd əsilli vətəndaşın olması onsuz da PKK-nın azalan nüfuzunun daha da düşməsinə səbəb olur. Çox güman ki, PKK-nın əli ilə xarici xüsusi xidmət orqanlarının yan taktikasını, yəni terrorçunun başqa bir ölkənin vətəndaşı, bu ölkə ilə duyğusal bağı olmayan biri olduğunu görürük. Allah bu hadisədə həyatını itirən bütün şəhidlərə rəhmət eləsin”.

Ekspert qeyd edib ki, Türkiyə PKK/PYD-ni önəmli şəkildə zərərsizləşdirib, amma;

“Türkiyənin bu gün əsas problemlərindən biri də PKK-nın Suriyadakı əkizini zərərsizləşdirməkdir. Türkiyə orada tampon bir bölgə yaratmaqla Suriyadan gələn terrorçularının qarşısını alır. PKK-nın ən böyük rəhbərlərindən biri Suriya əsillidir və o, xüsusi qəddarlığı ilə seçilir”.

V.Hüseyn deyib ki, istənilən halda Türkiyə təhlükəsizlik qüvvələrinin üzərinə böyük məsuliyyət düşür:

“Türkiyə yüksək səviyyədə xüsusi xidmət orqanlarına malikdir, amma istənilən yerdə – ABŞ, Rusiya, eyni zamanda dünyanın ən böyük xüsusi xidmət orqanlarından biri olan İsraildə də bu cür hadisələrin baş verdiyini görürük. Xüsusi xidmət orqanları nə qədər hazırlıqlı olsalar da, imkanları qeyri-məhdud deyil.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ABŞ kimi bir dövlətin başsağlığını qəbul etmədiyini söylədi və “mesajın bizə haradan gəldiyini bilirik” deyə, meydan oxudu. Bu, Türkiyənin əslində olub-bitənlərdən xəbərdar olduğunu və hər şeyə hazır olduğunu göstərir. İnşallah, Türkiyə bu sınaqdan da qalib çıxar”.

Gülnar Səlimova
Globalinfo.az