Tural Abbaslı hakimiyyətdəki Talıbovçular haqda hökm çıxardı: “Onların kökünü qazımaq lazımdır!”

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra onun ətrafında cərəyan edən proseslər səngimək bilmir. Hazırda Talıbovla bağlı ən çox müzakirə edilən mövzulardan biri də onun tərəfdarlarının hakimiyyətin ən üst səviyyəsində təmsil olunmasıdır. V.Talıbovın vaxtilə yüksək postlara xeyli adam yerləşdirdiyi iddia olunur. Hazırda bu adamların dövlət üçün başağrısana çevrilə biləcəkləri deyilir. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Globalinfo.az-a verdiyi müsahibədə buna toxunub. Sitat: “Vasif Talıbovu güc strukturunda, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində, dövlət idarəçiliyində, Azərbaycanın gələcək dövlət başçısı kimi görən xeyli sayda insanlar var. O, vaxtilə xeyli insanı çox yüksək vəzifələrə yerləşdirib. O insanlar bu gün də hakimiyyətdədir. Hesab edirəm ki, tədricən onların təmizlənməsi prosesi gedəcək”.

Q.Həsənquliyevin açıqlamasından belə nəticəyə gəlmək olar ki, hələ həbslər, işdən çıxarılmalar çox olacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ partiyanın sədri Tural Abbaslı deyib ki, söhbət təkcə Vasif Talıbov və onun hakimiyyətin müxtəlif strukturlarına yerləşdirdiyi kadrlardan getmir:

“Ümumiyyətlə, dövlətə, millətə, vətənə xəyanət edən hər kəsin kökünü qazımaq lazımdır. Ramiz Mehdiyev, Nəcməddin Sadıqov, Əli Həsənov, Vasif Talıbov, “Beşinci kolon” və onlara sadiq hər kəs bu kateqoriyaya aiddir.

Hesab edirəm, bütün bu şəxslər ilk növbədə hakimiyyətin problemidir. Çünki bu şəxslərə vaxtilə güc verən, hazırkı səviyyəyə çatmaları üçün şərait yaradan hakimiyyətdir. Bu gün bu şəxslər və onların yerləşdirdiyi kadrlar sıradan çıxarılması bu hakimiyyətin problemi olmaqdan çıxıb dövlətin millətin problemi olacaq. Hətta bu şəxslər gələcəkdə suverenliyimizi də təhlükə altına ta bilər. V.Talıbov da belə şəxslərdəndir”.

Turan Rzayev
Globalinfo.az