esas 9

Azərbaycanda marketlərdən sonra apteklərdə də ovuc içi ilə ödəniş texnologiyasının tətbiqinə başlanılıb. Bu sistem kart və ya telefondan istifadə etmədən ödəniş etməyə imkan verir. Lakin biometrik məlumatların sızması və şəxsi məlumatların qorunması ilə bağlı risklər bu texnologiyanın təhlükəsizliyi ətrafında müzakirələrə səbəb olub. 

Ovuc içi ilə ödəniş sisteminin təhlükəli olması ilə bağlı iddialar nə dərəcədə əsaslıdır? Bu texnologiyanın hansı riskləri var?

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bu sistem insanın ovucundakı xətləri, damar quruluşunu və digər fərdi xüsusiyyətləri tanımaqla işləyir:

“Ödəniş zamanı istifadəçinin şəxsiyyəti sistemdəki biometrik məlumatlarla müqayisə edilir və uyğunluq təsdiqləndikdə əməliyyat həyata keçirilir. Lakin hər bir rəqəmsal texnologiya kimi, ovuc içi ilə ödəniş sisteminin də müəyyən riskləri var. Əsas risklərdən biri biometrik məlumatların saxlanması və qorunması ilə bağlıdır. Əgər bu məlumatlar kiberhücum nəticəsində ələ keçirilərsə, istifadəçi üçün ciddi məxfilik problemi yaranar. Çünki bank kartını dəyişmək olur, amma insanın ovuc quruluşunu və damarlarını dəyişmək mümkünsüzdür. Bu baxımdan biometrik məlumatların qorunması adi parol və ya kart məlumatlarının qorunmasından daha həssas məsələdir. Digər risk məlumatların üçüncü tərəflərlə paylaşılması və istifadəçinin bundan xəbərsiz olması ehtimalıdır. İstifadəçi ödəniş sisteminə qoşularkən hansı məlumatların toplandığını, onların harada saxlandığını və kimlərin həmin məlumatlara çıxış əldə edə biləcəyini bilməlidir”.

Esqin nurusov 142

Eşqin Nuruşov

Ekspert bildirib ki, biometrik sistemlərdə saxtalaşdırma və yanlış tanınma ehtimalı tamamilə istisna edilmir:

“Buna görə sistemin canlılıq yoxlaması, çoxmərhələli təhlükəsizlik mexanizmləri və şübhəli əməliyyatları aşkar edən alqoritmlərlə təchiz olunması vacibdir. Həmçinin ödəniş texnologiyasını təqdim edən şirkətin istifadəçi məlumatlarını necə qoruduğu aydın olmalıdır. İstifadəçilər xidmətə qoşulmazdan əvvəl məxfilik siyasətini oxumalı, biometrik məlumatların saxlanma qaydaları ilə maraqlanmalı və hesablarında əməliyyat bildirişlərini aktivləşdirməlidirlər. Əgər sistem alternativ ödəniş üsulu təklif edirsə, istifadəçi özünə uyğun seçimi edə bilməlidir. Şübhəli əməliyyat aşkarlandıqda isə dərhal xidmət təminatçısına müraciət edilməlidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: