ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mərasimdə federal hökumətə yanvar ayının sonuna qədər maliyyə təminatı verilməsini nəzərdə tutan büdcə layihəsini imzalayıb.
Globalinfo.az bildirir ki, bununla da ABŞ hökumətinin rekord müddətli fəaliyyətinin dayandırılması (şatdaun) 43-cü gündə başa çatıb.
Trampın sözlərinə görə, onun sənədi imzalaması ilə federal hökumət normal işinə qayıdır. Bununla yanaşı, ABŞ lideri bir daha şatdaunu təhrik etməkdə Demokratik Partiyadan olan siyasi rəqiblərini günahlandıraraq onların ucbatından ABŞ-də 20 min aviareysin ləğv edildiyi və ya gecikdirildiyini, bir milyondan çox dövlət qulluqçusunun maaşsız qaldığını, çoxsaylı aztəminatlı amerikalıların ərzaq təminatı proqramı üzrə ödənişlər almadığını bəyan edib.
Sabiq ABŞ Prezidenti Barak Obama dövründə qəbul edilən və azgəlirli insanlara tibbi sığorta imkanı yaradan “Obamacare” sisteminin yalnız sığorta şirkətlərinə xidmət etdiyini və vətəndaşların xeyrinə işləmədiyini bildirən Tramp, bu sistem çərçivəsində sığorta şirkətlərinə yönəldilən milyardlarla dolların birbaşa vətəndaşlara verilməsini təklif edib.
Sənəd yanvarın sonuna qədər hökumətin işi üçün maliyyələşdirmənin ayrılması ilə yanaşı, 2026-cı maliyyə ili üçün ABŞ Kənd Təsərrüfatı Nazirliyi, Veteranlarla İş Departamentinin və ABŞ-nin hərbi məqsədli tikinti proqramlarının icrasına vəsait ayrılacaq. Həmçinin Vaşinqton administrasiyasının bəzi dövlət qulluqçularının işdən çıxarılması ilə bağlı qərarlarının ləğvi və dekabrın ortalarına qədər tibbi sığorta ilə bağlı tədbirlərə dair səsvermənin keçirilməsi nəzərdə tutulur.
Safura Bənnayeva
Globalinfo.az