WhatsApp Image 2026 04 10 at 10.42.25

ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hücum anonsundan sonra müharibənin başa çatmasına işarə edən bəyanat verməsi diqqət çəkib.

O bildirib ki, İranla böyük razılaşma əldə olunub və Tehran nüvə silahı əldə etməyəcəyini, həmçinin belə silahları inkişaf etdirməyəcəyini qəbul edib. İranın yüksək səviyyəli rəsmiləri isə mümkün sazişin bütün müddəalarını nəzərdən keçirdikdən sonra mövqelərini açıqlayacaqlarını bildiriblər.

Beləliklə, müharibə başa çatır? İran nüvə proqramından imtina edəcək?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov bildirib ki, Donald Trampın hücumla bağlı sərt bəyanatları İrana göstərilən təzyiq siyasətinin tərkib hissəsidir:

“Danışıqlar prosesində irəliləyiş zəifləyəndə, Tramp qəfil aqressiv bəyanatlar verir. Lakin qısa müddət sonra daha yumşaq açıqlamalarla çıxış edir. Bu da onu deməyə əsas verir ki, o, İranı razılaşmaya məcbur etməyə çalışır.

Ümumilikdə, danışıqların davam etdirilməsi ilə bağlı tərəflər arasında müəyyən razılıq əldə olunmuş ola bilər. Lakin prosesin hansı istiqamətdə inkişaf edəcəyini indidən dəqiq söyləmək mümkün deyil. Hesab edirəm ki, İran tərəfi Trampın səsləndirdiyi bütün tələblərlə razılaşarsa, bu, rejimin siyasi məğlubiyyəti kimi qiymətləndiriləcək. Belə bir vəziyyət isə İran hakimiyyəti üçün ciddi problemlər yarada bilər.

murad sadeddinov 1 900x551 1
Murad Sadəddinov

İran daxilində sosial və iqtisadi narazılıqlar kifayət qədər yüksəkdir. Bu şəraitdə hakimiyyətin zəifləməsi daxili sabitliyi daha da poza bilər. Digər tərəfdən, Tehranın onilliklər ərzində böyük maliyyə və insan resursları yatırdığı nüvə proqramından tamamilə imtina etməsi inandırıcı görünmür. Buna görə də yekun razılaşmanın əldə olunacağı ilə bağlı müəyyən şübhələr qalır.

Hərbi əməliyyatların yenidən başlaması ehtimalı da gündəmdədir. Vaxtaşırı qarşılıqlı zərbələrin endirildiyini müşahidə edirik. Bundan əlavə, İrana qarşı tətbiq olunan sanksiyalar və iqtisadi təzyiqlər ölkə daxilində vəziyyəti daha da çətinləşdirir. Hakimiyyət bu reallığı artıq nəzərə almağa məcburdur. Bu baxımdan Tehran danışıqlardan istifadə edərək vaxt qazanmağa və iqtisadi təzyiqləri müəyyən qədər azaltmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: