ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsində iştirak etmək üçün Ankaraya Qətərin hədiyyə etdiyi yeni “Air Force One” ilə gəlib. Lakin geri dönüş səfərinin ilk hissəsində o, köhnə “Air Force One”dan istifadə edib. İngiltərədəki Mildenhall Kral Hərbi Hava Qüvvələri bazasında isə yenidən yeni təyyarəyə keçib.
Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri təyyarə dəyişikliyinin səbəbini həm jurnalistlərə açıqlayıb, həm də “Truth Social” hesabında izah edib.
O bildirib ki, yeni “Air Force One” əvvəlcədən İngiltərəyə göndərilib ki, bazada xidmət edən amerikalı hərbçilər təyyarəni yaxından görə bilsinlər.
Tramp vurğulayıb ki, təyyarə dəyişikliyi nə təhlükəsizlik narahatlığı, nə də texniki nasazlıqla bağlı olub. Onun sözlərinə görə, əvvəlki prezident təyyarəsindən isə “köhnə günlərin xatirinə” istifadə edib.
“Marşrutdan demək olar ki, heç bir kənaraçıxma olmayıb”, – deyə ABŞ lideri qeyd edib.
Türkiyədən İngiltərəyə köhnə “Air Force One” ilə uçan Tramp, ABŞ-a dönüşün ikinci mərhələsində Qətərin hədiyyə etdiyi yeni təyyarəyə minib.
Təhlükəsizlik səbəbilə təyyarənin dəyişdirildiyi və yeni təyyarədə mexaniki nasazlıq olduğu barədə iddialara isə “Xeyr, niyə olsun ki?” cavabını verərək təkzib edib.
ABŞ Prezidenti əlavə edib ki, İran tərəfindən uzun müddətdir ciddi təhdidlər alır, lakin son günlərdə yeni təhlükə ilə bağlı hər hansı detal açıqlamayıb.
Türkiyədən İngiltərəyə uçuş zamanı media nümayəndələrinin oturduğu bölmədə pəncərə pərdələrinin bağlanması göstərişinə gəlincə isə, bunun mümkün təhlükəsizlik riskləri ilə əlaqədar verilmiş ola biləcəyini bildirib.
Beləliklə, Tramp geri dönüş zamanı təyyarənin dəyişdirilməsinin təhlükəsizlik və ya texniki problemlə deyil, yeni “Air Force One”ın İngiltərədəki ABŞ hərbçilərinə nümayiş etdirilməsi məqsədilə əvvəlcədən həmin bazaya göndərilməsi ilə əlaqədar olduğunu bir daha vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az