“Torpağımıza sahib çıxa bilməsək, zəifliyimizi etiraf etməliyik – Tofiq Abbasov

Şuşa-Xankəndi yolundakı aksiya ilə bağlı Qərbin müxtəlif dairələrində ölkəmizə qarşı təzyiqlər artır. Artıq eko-fəalların bu aksiyasını Azərbaycanın əleyhinə çevirmək, böyük əks-təbliğat qurmaqla bağlı beynəlxalq təşkilatlar hərəkətə keçiblər. 

Globalinfo.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, aksiya sona qədər davam edəcək. Çünki aktivistlərimiz düzgün mövqe tutub və heç bir təzyiq, tənqid onun qarşısını ala bilməz:

“Azərbaycan vətəndaşları haqlı olaraq öz torpaqlarında baş verənlərlə bağlı məlumat əldə etmək istəyir. Avropa Parlamenti və digər salonlarda Azərbaycana qarşı təpkilər yer alır, digər tərəfdən, Azərbaycan Prezidentinə müraciətlər edilir. Prezidentə müraciət edən şəxslər – istər Blinken, istərsə Avropa İttifaqının rəhbəri olsun – düzgün yol seçməyib. Prezidentə yox, Azərbaycan vətəndaşlarına müraciət etmək lazımdır. Bu, aktivistlərin şəxsi təşəbbüsüdür və xalqın mandatından istifadə edib bu tələbləri irəli sürürlər. Ruben Vardanyan nə qədər BBC, yaxud başqa beynəlxalq media vasitələrinə müsahibə versə də, bu, heç nəyi dəyişməyəcək. Çünki Azərbaycan artıq öz münasibətini bu adama bildirib. Bu haqda danışsınlar”.

T.Abbasov əminliklə bildirib ki, vətəndaş cəmiyyətinin fəallarının əzmini qırmaq mümkün olmayacaq:

“Onlar israrlıdır, başladıqları işi məntiqi sonluğa çatdıracaqlar. Biz ya torpağımıza sahib çıxmalıyıq, ya da onda zəifliyimizi etiraf etməliyik. Biz artıq zəif olmadığımızı sübut etmişik. Gücümüz də, ordumuz da, zəfərimiz də var, üstəlik mübarizə əzmimiz də yerindədir. Odur ki, beynəlxalq institutların rəhbərləri çalışıb daha aktual məsələlərə qiymət versinlər. Çünki Azərbaycan heç vaxt nə beynəlxalq qanunları pozub, nə də insanların şəxsi maraqlarını ayaq altına qoyub. Bunu edən həmişə ermənilər olub və azərbaycanlılar bu kütləvi qeyri-qanuni proseslərdən əziyyət çəkiblər. Biz o torpağın sahibiyik və bu hüquqlarımızı lazımi qaydada yerinə yetirəcəyik”.

Gülnar Səlimova

Globalinfo.az