Bakıda 42 yaşlı kişi “Topaz”da 500 manat uduzduğu gecə mağazaya basqın edib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Nəsrəddin Tusi küçəsində baş verib. Həmin küçədə yaşayan 42 yaşlı Sabir Xəlilov (şərti) 21 avqust 2022-ci il tarixdə “Topaz” mərc oyunlarına 500 manat pul qoyub və 1500 manat uduş gözləyib. Lakin oyunun nəticəsi gözlədiyi kimi olmayan şəxs qoyduğu pulları uduzub və həmin gecə saat 1 radələrində məhəllədə olan “Rimo” marketə basqın edib. O, marketdən 4060 manat məbləğində nağd pul, 1500 manat dəyərində müxtəlif markalı tütün məmulatları və 300 manat dəyərində təhlükəsizlik kamerasının yaddaş qurğusunu götürərək qaçıb. Bundan sonra S.Xəlilov Bakını tərk edib və 1 ay gizlənib. Nəhayət sentyabrın 20-də polislər onu yaxalayıblar.
Barəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə iş açılan şəxs baş vermiş hadisə barədə danışıb: “Mərc oyunlarında uduzduğuma görə və “Topaz”-a pulu həmin marketdə olan “Milli Ön” ödəmə terminalı vasitəsi ilə ödədiyim üçün əsəbləşmişdim. “Rimo” marketə daxil olub oradan oğurluq etmək qərarına gəldim. Saat 04 radələrində qıfılı qırıb marketə daxil oldum. Ümumilikdə 3000 manata yaxın pulu, 33 blok siqareti və yaddaş qurğusunun aparatını torbaya yığıb oradan çıxdım”.
İstintaq zamanı məlum olub ki, S.Xəlilov oğurluq etdiyi yerdən çıxandan sonra yaddaş qurğusunu zibil qutusuna atıb. O, nağd pulu və siqaretləri özü ilə götürərək Bakıdan çıxıb bə yolda Hacıqabul, Yevlax, Qazx rayonlarında və digər ərazilərdə dayanaraq mağazalara daxil olmaqla oğurladığı siqaretləri dəyər-dəyməzinə satıb. Bir müddət rayonlarda gizlənən şəxs daha sonra Bakıya gəlib və törətdiyi əməldən 1 ay sonra yaxalanıb.
Xətai rayon Məhkəməsində S.Xəlilov barəsindəki Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə açılmış iş üzrə məhkəmə prosesi keçirilib. Proses bir neçə gün əvvəl başa çatıb və təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.