Təyyarədə olay: Naxçıvanda içib Bakıya gəlmək istədi… – TƏFƏRRÜAT

Naxçıvanda toydan içkili halda çıxıb, hava limanında insident törədən şəxsə hökm oxunub.

Globalinfo.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisə bir neçə gün bundan əvvəl baş verib.

Belə ki, 1958-ci ildə Babək rayonu, Qahab kəndində doğulmuş Asəf Cəfərov (ad-soyad şərti) qohumunun ailəsində olan toy məclisində spirtli içki qəbul etdikdən sonra qardaşı oğluna gecə saat 02:05 reysinə Bakıya getmək üçün bileti olduğunu bildirərək, onu Hava Limanına aparmasını xahiş edib.

Hava Limanında olduğu zaman uçuş vaxtına çox qaldığı üçün əsəbiləşib və Bakıya təyyarənin tez uçmasını istəyib. Bundan sonra hava limanı əməkdaşları ilə mübahisə edən təqsirləndirilən şəxs biletinin dəyişdirilməsini istəyib və səs-küy salıb.

Polis tərəfindən saxlanılan 65 yaşlı Asəf Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmə saxlanılan şəxsin təqaüdçü olduğunu nəzərə alaraq, onu 150 manat məbləğində cərimə edib.