Təyyarə və helikopter qəzalarında həlak olan məşhurlar – SİYAHI/FOTO

Avqustun 23-də “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevqeni Priqojinin və digərlərinin təyyarə qəzasında həyatlarını itirməsi hələ də ciddi müzakirə olunur. Hadisənin qəza, yoxsa terakt olduğu müzakirə edilir.

İndiyə kimi təyyarə və helikopter qəzalarında çox sayda məşhur şəxslər həyatlarını itiriblər.

Globalinfo.az onlardan bir neçəsini təqdim edir.

1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində 22 nəfər həyatını itirib. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.

10 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da həlak olanlar sırasındadırlar.

Rusiyanın Pskov vilayətinin qubernatoru Aleksandr Kopılov da təyyarə qəzasında vəfat edib. O, 31 oktyabr 2015-ci ildə Misirin Şarm-əş-Şeyx şəhərindən Sankt-Peterburqa uçan təyyarədə qəza zamanı həlak olub.

Vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edən braziliyalı futbolçular Filipe Joze Maçado və Villiam Tieqo de Xesus da təyyarədə həlak olan tanınmışlar siyahısındadırlar. Onlar 29 noyabr 2016-cı ildə yarışa gedən zaman qəzaya uğrayıblar.

Türkiyənin məşhur aktryoru Kamal Sunal da təyyarədə həyatını itirib. Amma o, qəza nəticəsində ölməyib. Aktyorun aviafobiyası olduğundan, həyəcandan ürəyinin dayandığı deyilir.

Bu gün isə Rusiyanın Tver vilayətində içərisində “Vaqner” rəhbəri Yevgeni Priqojinin də olduğu “Embrayer” biznes-jeti qəzaya uğrayıb. Nəticədə Priqojin həyatını itirib.

Zaira Akifqızı
Globalinfo.az