Tehrandan kritik mesajlar – “Rus qoşunları Ermənistandan çıxsa, İran addım atacaq…”

Qərb Ukraynadan sonra Ermənistanı da Rusiyanın qarşısına yem olaraq atır. Artıq Ermənistanda bəzi dairələr ölkənin Rusiyanın qəzəbinə tuş gələcəyi ilə bağlı fikirlər səsləndirirlər.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Asif Nərimanlı deyib ki, prosesi Qərb və Rusiya arasında bölgələr üzrə nüfuz savaşı adlandırmaq olar:

“Bu proses Rusiya və Qərb cəbhəsi üzrə getmir. Hansısa platforma, ölkə və ya coğrafiyada döyüş başlanır. Yaxın Şərqdəki vəkalət müharibəsi də buna misaldır. Üçüncü Dünya müharibəsinin bu formada aparıldığı ilə bağlı fikirlər də var. Qərb Rusiyanın Ukraynadakı müharibəsindən istifadə edərək Cənubi Qafqazda Kremlin mövqelərini zəiflətməyə çalışır. Qərb ölkələri arasında Cənubi Qafqazla bağlı siyasətdə də fikir ayrılıqları var. Fransa, Böyük Britaniya və ABŞ-ın bölgədə maraqları toqquşur. Lakin bu bölgədən Rusiyanın çıxarılması, Ermənistan üzərindən regionda möhkəmlənmək tərəfindən maraqlar uzlaşır. Rusiyanın Ermənistandan tamamilə çıxarılmasına nail olarlarsa, Avropa daxilində, Aİ və ABŞ arasında maraqlar toqquşacaq”.

Politoloqun fikrincə, Rusiyadan fərqli olaraq Qərb “istifadə edib atmaq” siyasəti yürüdür:

“Öz maraqları naminə bəzi dövlətləri qurban verir. Məsələn, Rusiya Suriyaya daxil olduqdan sonra bütün problemlərə baxmayaraq Əsəd rejmini qoruyur. Qərbdə isə vəziyyət əksinədir. Ukrayna, Normandiya nümunəsini buna misal çəkə bilərik. Ermənistanı da eyni aqibət gözləyir. İrəvan siyasi və hərbi baxımdan Rusiyadan üz döndərsə də, iqtisadi cəhətdən ondan asılıdır. Hər hansı təhlükə yarandığı halda Qərbin Ermənistanı müdafiə edəcəyini düşünmürəm”.

A.Nərimanlı İranın da məsələdə maraqlarının olduğunu deyir:

“İrandan Ermənistana müəyyən mesajlar göndərildiyi barədə məlumatlar var. Rusiyanın bölgədən çıxarılması halında Tehranın Moskvaya qarşı hər hansı addım atması istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az