“Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxışı zamanı bildirib.
Baş katibin sözlərinə görə, təkcə 2023-cü il ərzində ekologiyanın dağıdılmasına səbəb olan sahələrə qlobal miqyasda 7.33 trilyon dollar həcmində vəsait yönəldilib. Bunun fonunda təbiətin xilas edilməsi üçün ayrılan maliyyə dəstəyi hələ də kifayət etmir.
Quterreş dünya ölkələrinin hökumətlərinə müraciət edərək, ekologiya üçün təhlükə yaradan subsidiyalardan imtina etməyə çağırıb. O qeyd edib ki, həmin vəsaitlər biomüxtəlifliyin qorunmasına, iqlim dəyişikliyi ilə mübarizəyə və torpaqların bərpası prosesinə yönəldilməlidir.