WhatsApp Image 2026 10 16 at 12.33.23

Azərbaycanda həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən tədbir keçirilib.

Globalinfo.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra həmkarlar ittifaqlarının yaranma və inkişaf tarixindən bəhs edən film nümayiş etdirilib, bir sıra ölkələrin həmkarlar ittifaqlarının təbrikləri səsləndirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək 121 il əvvəl konka fəhlələri tərəfindən əsası qoyulan Azərbaycan həmkarlar ittifaqlarının ötən dövr ərzindəki fəaliyyətindən və əmək hüquqlarının müdafiəsində rolundan söz açıb, təşkilatın nüfuzunun artmasında Ulu Öndər Heydər Əliyevin göstərdiyi dəstəyi diqqətə çatdırıb.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai institutların inkişafına yaradılan əlverişli mühit həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar açır. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr ölkəmizin ictimai təşkilatları üçün əsl örnəkdir.

Qeyd olunub ki, Konfederasiyanın fəaliyyətində səmərəliliyin daha da artırılması üçün son illər ardıcıl islahatlar aparılır. Normativ hüquqi baza yenilənib, idarəetmə və təşkilati struktur müasir tələblərə uyğun təkmilləşdirilib, həmkarlar ittifaqları üzvlərinə hüquqi yardımın təşkili üçün yeni mexanizmlər tətbiq olunur, rəqəmsallaşma genişləndirilir, sosial layihələr həyata keçirilir.

“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən danışan Sahib Məmmədov “yaşıl iqtisadiyyat”a keçid və rəqəmsallaşmanın məşğulluğa təsirləri fonunda üzvlərin yeni bacarıqlara yiyələnməsi istiqamətində Konfederasiya tərəfindən səlahiyyətləri çərçivəsində görülən işlər barədə də məlumat verib.

Xalq yazıçısı Çingiz Abdullayev isə çıxışında Azərbaycan həmkarlar hərəkatının cəmiyyətin həyatında mövqeyinə və insanların əməyinə verdiyi dəyərə diqqət çəkib.

Milli Məclisin deputatı Kamal Cəfərov və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov çıxışlarında həmkarlar ittifaqlarının ölkəmizdə əmək mədəniyyətinin formalaşmasına verdiyi töhfələri və əmək münasibətlərində tərəflərin maraqlarının uzlaşdırılmasındakı xidmətlərini qeyd ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı, fəxri dəmiryolçu Abdulla İsmayılzadə çalışdığı sahədə həmkarlar ittifaqlarının rolundan, AHİK-in gənc əməkdaşı, Pan-Avropa Regional Şurasının Gənclər komitəsinin vitse-prezidenti Ülviyyə Rəsulzadə isə həmkarlar ittifaqları sistemində gənclərin peşəkar inkişafı üçün yaradılan imkanlardan danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

WhatsApp Image 2026 10 16 at 12.33.24 3 WhatsApp Image 2026 10 16 at 12.33.24 2 WhatsApp Image 2026 10 16 at 12.33.24 1 WhatsApp Image 2026 10 16 at 12.33.24 WhatsApp Image 2026 10 16 at 12.33.25 3 WhatsApp Image 2026 10 16 at 12.33.25 2 WhatsApp Image 2026 10 16 at 12.33.25 1 WhatsApp Image 2026 10 16 at 12.33.25 WhatsApp Image 2026 10 16 at 12.33.26 2 WhatsApp Image 2026 10 16 at 12.33.26 1 WhatsApp Image 2026 10 16 at 12.33.26

Paylaş: